Son bir ayda ilan sancması ilə bağlı 20 nəfər müraciət edib – Kliniki Tibbi Mərkəz

Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20
nəfər müraciət edib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 7-nin
vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi
qiymətləndirilib.

Müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, Mərkəz bütün
hallarda əhalini diqqətli olmağa çağırıb.

Hazırda ilan sancmalarının daha çox müşahidə olunduğu dövrün
başlanğıcıdır. Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq
və meşəlik ərazilərə üz tutması belə halların artmasına səbəb olur.
Bu səbəbdən də belə ünvanlarda mütləq ərazini diqqətlə gözdən
keçirmək məsləhət olunur.

Ötən aylarla müqayisədə ilan sancmalarının artdığını bildirən
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov
bildirir ki, ilan sancması zamanı insanların yanlış müdaxilə etməsi
zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

“İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq
və ya qatıq kimi vasitələri sürtmək qətiyyən olmaz. Əlavə
müdaxilələr edildikdə həmin hissə yaraya çevrilə bilər ki, onun da
sağalması uzun müddət tələb edir.

İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə
hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin
hissəyə buz qoyulmalıdır və yod məhlulu ilə dezinfeksiya
edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən
sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır.
Xəstəxanada isə həkim nəzarəti ilə müəyyən prosedurlar həyata
keçirilməlidir”-deyə o qeyd edib.

A.Maqsudov ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlər
barədə də məlumat verib.

“İlan dişlədikdən sonra ilk olaraq ağrı hiss edilir, daha sonra
qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı
ətraflara doğru artmağa başlayır. Təcrübədə müşahidə edilir ki,
ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır.
Yaranan şiş isə bədənin bütün funksiyalarını poza və xoşagəlməz
halların yaşanmasına gətirib çıxara bilər. Bu səbəbdən də ilan
sancması zamanı ilkin yardımı düzgün etməli, sonra isə təcili
olaraq xəstəni xəstəxanaya aparmaq lazımdır” -deyə o bildirib.

Teqlər: