Sahil Babayev Dubayda Azərbaycan – BƏƏ KOB Forumunda çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Parlaq gələcək üçün
davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda
11-ci İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan
– BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, konfrans
çərçivəsində “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda
keçirilən “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən,
ölkələri birləşdirən” adlı tədbir KOB-lar üçün imkanlar haqqında
müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi
aparması üçün birgə platformanın təmin edilməsi məqsədi
daşıyıb.

Nazir Azərbaycan Hökumətinin ilk günlərdən COVID-19
pandemiyasına qarşı mübarizə istiqamətində atdığı zəruri addımları,
həyata keçirdiyi kompleks tədbirləri, bu tədbirlər nəticəsində ötən
il ÜDM-in 5,6 faiz artdığını bildirib.

S.Babayev ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 6,5 milyard
manat (təqribən 3,8 milyard ABŞ dolları) olan və ölkə əhalisinin
yarısını əhatə edən 3 sosial islahat paketinin həyata keçirildiyini
diqqətə çatdırıb. Aparılan sosial islahatlar nəticəsində sosial
ödənişlərdə 65 faiz, minimum pensiyada 2,2 dəfə, orta pensiyada 60
faiz, minimum əmək haqqında 2,3 dəfə, illik əməkhaqqı fondunda 2
dəfədən çox artım baş verdiyini vurğulayıb.

Nazir sosial xidmətlərin vahid platformadan, şəffaf, operativ
göstərilməsi üçün yaradılmış DOST mərkəzləri, sosial ödənişlərin
elektron təyinatı mexanizmləri barədə məlumat verib. İnnovativ
nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və
müasirləşməsinə töhfə verdiyini vurğulayıb.

Nazirliyin 170 xidmətindən 110-nun rəqəmsal formada
göstərildiyini qeyd edən S.Babayev son illər qurulmuş “Məşğulluq”
e-sisteminin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, ölkədə
məşğulluq yönümlü iqtisadi inkişaf siyasəti həyata keçirilir,
mikro, kiçik və orta sahibkarlıq dəstəklənir, hökumət,
işəgötürənlər və işçilərin nümayəndələrindən ibarət Sosial və
İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir.

S.Babayev son 5 ildə həyata keçirilən özünüməşğulluq proqramının
dəstəyi ilə 48 mindən çox ailənin öz təsərrüfat və müəssisələrini
yaratdığını, Dünya Bankı, BMT İnkişaf Proqramı, müxtəlif biznes
strukturlarının da bu proqrama cəlb olunmasının proqramın
uğurlarının artmasına imkan verdiyini bildirib.

O, 2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun
əks-hücum əməliyyatları həyata keçirdiyini və 44 günlük döyüşlərdə
əldə etdiyi böyük Zəfəri qeyd edib. Ölkəmizin işğaldan azad edilmiş
ərazilərində innovasiya və texnoloji inkişaf, smart konsepsiyalar
əsasında aparılan yenidənqurma və bərpa işlərini diqqətə
çatdırıb.

S.Babayev iki ölkənin işgüzar əlaqələrinin inkişafının
əməkdaşlığın daha da möhkəmlənməsinə və ölkələrimizdə insan
kapitalının inkişafına da mühüm töhfə verəcəyinə əminliyini ifadə
edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında
Azərbaycan və BƏƏ arasında iqtisadi–ticarət əlaqələrindən, enerji
və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıqdan,
Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən
dəstəkdən bəhs edib.

Sahibkar, Azərbaycan Qadın Sahibkarlar Təşkilatının təsisçisi
Tatyana Mikayılova, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq
əlaqələr idarəsinin direktoru Ömər Xan, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra
edən Yusif Abdullayev də çıxış ediblər.

Forum birgə biznes təşəbbüsləri üçün perspektivlərə dair panel
müzakirələrlə davam edib.

Tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan
pavilyonunda da olublar. KOBİA-nın təşkilatçılığı ilə
“Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl
dialoqunun effektivliyi” mövzusunda seminar da keçirilib.

Teqlər: