Azərbaycan XİN Ermənistanın iftira xarakterli bəyanatını rədd edir

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ
bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira
xarakterli bəyanatını qətiyyətlə rədd edirik.

İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki,
Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq
pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın
ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir
milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz
evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür
beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.

Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı
yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi
ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə
bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma
prosesinə zərbə vuran tərəfdir.

Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı
açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN
səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir
açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın
4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını
hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini
pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə
göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən
də öz təsdiqini tapıb.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi
ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına
yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz
erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına
aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif
edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması,
Ermənistanın əsl niyyətini ifşa edir.

30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz
blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və
kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların
səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla
beynəlxalq ictimaiyyətə çağırış edir?!

Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər
edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin
olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının
qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın
əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə
maneə olacaq.

O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya
sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı
məlumat verilib.

Teqlər: