“Sahibkarı TAP” layihəsi (FOTO)

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası
(KOBSKA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sahibkarı TAP”
layihəsini icra edib.

Layihə agentliyin elan etdiyi qrant müsabiqəsinin “müharibə
təsirinə məruz qalmış regionlarda iqtisadi inkişaf istiqamətində
araşdırma” mövzusu üzrə həyata keçirilib.

“Sahibkarı TAP” layihəsi çərçivəsində araşdırma işi aparılıb və
nəticələrinə dair təqdimat mərasimi 20 may tarixində baş tutub.
Belə ki, Ağdam, Bərdə, Gəncə və Tərtər rayonlarında əhalinin rifah
halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq
fəaliyyətinə cəlb edilməsi məqsədilə atılacaq addımları düzgün
hesablamaq üçün aparılan araşdırma işinin nəticələri təqdimat
mərasimində ictimaiyyətə təqdim olunub. Nəticələr haqqında
təqdimatla çıxış edən KOBSKA idarə heyətinin sədri Nigar Ələsgərova
layihənin il sonuna qədər davam edəcəyini açıqlayıb. Bildirib ki,
araşdırma işi regionlarda sahibkarlıq potensialını dəyərləndirmək
və mövcud problemləri aşkar etmək üçün əhəmiyyətli məlumat bazası
rolunu oynayacaqdır. Araşdırmanın nəticələri infoqrafik
videomaterial və kitabça şəklində internet resurslarında da
yerləşdiriləcəkdir. Bu da gələcəkdə bu sahə ilə bağlı işlərin
təşkilində məlumatlılığın artırılmasına müsbət təsir edəcək.
Ümumilikdə 3 ay ərzində toplam 1000 nəfər sorğuya cəlb olunub.
Təqdimat mərasimində millət vəkili Naqif Həmzəyev, KOBİA yanında
İctimai Şuranın sədri Fərhad Qaraşov, Dövlət Məşğulluq Agentliyi və
Dövlət Turizm Agentliyinin rəhbər şəxsləri də çıxış ediblər.
Natiqlər araşdırma və tədqiqat işinin aparılmasının bütün sahələrdə
olduğu kimi sahibkarlıq sahəsində də olduqca mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıblar. Tədbirdə media nümayəndələri ilə yanaşı
sahibkarlar da iştirak edib. Qeyd edək ki, layihənin icrasında əsas
məqsəd ölkənin müharibə təsirinə məruz qalmış rayonlarında
sahibkarlıq düşüncə tərzinə malik şəxslərinin aşkarlanması və
mövcud potensialın dəyərləndirilməsini təşkil etməkdən ibarətdir və
3 ay müddəti əhatə edir.

Teqlər: