ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə məktub gəlib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika
xalqı adından təbrik edirəm.

Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd
edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və
beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm
anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının
təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol
oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə
Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib
ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal
mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.

İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana
bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və
Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə
Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və
Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin
qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün
azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan
demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü
addımlar atmağa dəvət edirik.

Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq
təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu
qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları
Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha
təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə
münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.

Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə
edirəm”.

Teqlər: