Sabiq başçının növbəti məhkəməsinin vaxtı bəlli oldu

Sabiq başçının növbəti məhkəməsinin vaxtı bəlli oldu

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti məhkəmə iclası 2023-cü ilin yanvarın 5-nə təyin olunub.

Qeyd edək ki, məhkəmənin hakimi, Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin olunub.

Ötən həftə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınmışdı.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: