İrəvanı mədh edən aşıq

İrəvanı mədh edən aşıq

Aşıq Alxas İrəvan Türk Xanlığı çağında (1749-1828) yaşamış, gözəlləmələri ilə tanınan ozanımızdır.

AzerTimes Nizaməddin Onkun “Türk kültürü” jurnalının 1973-cü ildə çıxan 124-cü sayındakı məqaləsini (Məqaləni Dilqəm Əhməd dilimizə uyğunlaşdırıb) təqdim edir:

(Nizaməddin Onk 1937-ci ildə İğdırda doğulub. Müxtəlif yerlərdə müəllimlik edib. Hazırda Almaniyada yaşayır. “Göyçəli Aşıq Ələsgər” (1964), “Qafqaz səfərimiz 1918 və milli meyxana” (1977), “Qaraqoyunlu” (2000), “Qafqazdan Anadoluya Iğdır tarixi” (2006), “Böyük şair Müzeyib Zəyəm” (2013) kimi kitabların müəllifidir).

Arazboyu ozanlarından irəvanlı Aşıq Alxas

Aşıq Alxas İrəvana aid ən gözəl şeirləri söyləyərək özünü sevdirmişdir.

Deyişlərini (red.: şeirlər toplusunu) təhlil etdiyimiz zaman hərarətli yurd sevgisini, dərin həsrət, axıcı üslub görürük. “Mədhi-Rəvan” təcnisindəki məhəbbət izləri ozanın ürəyinin dərinliklərindəki İrəvanı göstərir. Həqiqətən də türk yurdu olan İrəvanın adının dəyişdirilib “Erivan” deyə yad ölkəyə çevrildiyini xatırladıqca, atalara layiq övlad ola bilməməyin üzüntüsündən qurtulmaq mümkündürmü?

Yad ellərin krallığını qəbul etməyən ozan İrəvanda yoxsul olaraq yaşamağı özünə rəva görməkdədir.

İrəvanın Gözəldərə sancağından olan ozan “Rəvanlı Aşıq Alxas” kimi tanınmaqdadır. Geniş yayılmış bir neçə şeiri əlimizə keçmişdir. Daha dərin araşdırma apara bilsək, çox şey toplayacağımıza ümidliyəm. Çünki Qars, İğdır və onun yan-yörəsində ozan haqqında bilgi çoxdur.

Ozanın on yarpaqlı çığalı təcnisi ilə başlayırıq:

“Mədhi-Rəvan”

Könül versələr, yad eldə Xan olma
Tək qal da, yoxsul ol, dilən Rəvanda.
Əzizinəm Rəvanda
Könül alan Rəvanda
Murad alan Rəvanda
Xan oturmuş hökm edər
Zövqə dalan Rəvanda.
Dolansan cahanı təsdiq edərsən
Görərsən ki, qədir bilən Rəvanda.

Cənnətdə varmıdır Xan bağçaları?
Ölmüşə vermədə can bağçaları.
Əzizinəm bağçaları
Gül, gülşən bağçaları
Göyçəkdir ağçaları
Bülbül tək ötər qızlar
Nar dolu bağçaları.
Bağ bozanda seyr et sən bağçaları
Yemə, içmə, bircə dolan Rəvanda.

Nöqsanı yox, hər bir gərəyi sazdır.
Özgə yerin gözəlləri məcazdır.
Əzizinəm məcazdır
Həqiqi deyil, məcazdır
Qışı yox külli yazdır
Yaylağı Alagözdür.
Zəngi suyun qırağı
Yaşılbaş ördək, qazdır.
Danışdığıma qulaq ver nə sözdür
Alxasa qovğaya salan Rəvanda…

Rəvanın varlığını təsvir edən bir deyişində:

Yığılın ahbablar yaradana, yoldaşlar
Hələ görün İrəvanda nələr var?
Pambığı, buğdası, dingi-düyüsü
Bir də görün bu meydanda nələr var.
Dəvələr çəkilir, zillər çalınır
Həm verilir, həm salınır, alınır
Keçisi qırxılır, qoyun yolunur
Bilmirəm ki, bu meydanda nələr var.
Aşıq Alxas sən də gəl İrəvana
Gör bu gözəlləri qal yana-yana
Bunlar kimi heç gəlmədi cahana
Huri kimi bu qılmanda nələr var?

Buralarda adətdir, hələ də davam edər: iş zamanı iş, sonrasında əyləncə və aləm… Bahar, yaz günlərinin gözəlliyi göz qamaşdırır. Nə bugünkü Avropa, nə də başqa ölkələr zövq və digər işləri ayırmazlar. Rəvan necə ayırırdı? Ozandan dinləyək:

İrəvanın ehtişamın görmüşəm
Yığılıb qız, gəlin bir həng eylərlər
Mehtərin, zurnanın, davulun səsi
Bəxtiyar bağçada dövran eylərlər.

Məryəmlə, Səfiyyə tutmuş əl-ələ
Keşiş qızı Əsli mən qurban dilə
Bimürvət elimi vermə yad elə
Bəlkə, ortalıqda bir qan eyləyər.

Alxas, yorulubsan bu tərif azdır
Könüllərdə ötüşən kubadı, qazdır
İrəvan bağları bahardı, yazdır
Gəlib bəxtəvərlər seyran eylərlər.

Ozanın gəraylısı da gözəldir:

Dağılası fani dünya
Sevdası səri yandırır
Heç bir günüm xoş getmədi
Dərdinnən qəmi yandırır.

Zarıncıyam mən zarınan
Deyə bilməm el arınnan
Dumanım çıxar sərimdən
Əşr-əlaya dayandırır.

Pünhana yardımçı Xuda
Qüdrətdən dərsin oxuda
Alxası şirin yuxuda
Zalım sevda oyandırar.

İrəvana yolu düşən ozan Gözəldərə gözəllərini geridə qoyur. Ayrılıq həsrətini necə dilə gətirir? Ozandan dinləyək:

İrəvana düşdü yolum
Gözəldərə gözəlləri
Sizə ayandır halım
Gözəldərə gözəlləri…

Alagözdən güllər dərin
Allahdan ağ günlər görün
Bir dəstə gül bizə verin
Gözəldərə gözəlləri.

Məktubunuz varmı mənə?
Dolanıram yana-yana
Biçarə Alxas divanə
Gözəldərə gözəlləri…

Bizdə adətdir, hər şeyi yazılı ədəbiyyatda axtararıq. Xalq dünyasına üzümüzü çevirsək, divanın düşünə bilməyəcəyi yüksəlişi görərik. Ozanın yurd, millət eşqi o mühiti bizə necə də gözəl şəkildə tanıdır İrəvanı, onun döşünə yaslandığı Alagöz dağını…

Teqlər: