Rusiyanın Azərbaycana investisiyalarının həcmi açıqlanıb (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın Azərbaycana investisiyalarının ümumi həcmi 6,3 milyard
dollar təşkil edib. Bu məbləğin 5 milyard dolları neft, 1,3 milyard
dolları qeyri-neft sektoruna qoyulub.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov Bakıda “Azərbaycan-Udmurtiya”
biznes forumu zamanı deyib.

“Rusiya iqtisadiyyatına Azərbaycanın qoyduğu investisiyalar isə
1,2 milyard dolları üstələyib və bu investisiyalar əsasən
qeyri-neft sektoruna qoyulub. 2021-ci ildə ikitərəfli ticarət
dövriyyəsi üç milyard dollar təşkil edib. Bunun 2,1 milyard dolları
idxalın, 920 milyon dolları ixracın payına düşüb. Ötən il
Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı 9 faiz
təşkil edib”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi
2020-ci illə müqayisədə 12 faiz artıb.


“Eyni zamanda 14 Rusiya şirkəti Qarabağda bərpa işlərində
iştirak etmək üçün müraciət edib”, – N.Səfərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)