Rusiyalı alimlər şiş hüceyrələrinin kimyaterapiyaya qarşı müqavimətini dəf edə biliblər

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kimyəvi Biologiya
və Fundamental Tibb İnstitutunun (ICBFM) alimləri xərçəng
hüceyrələrinin dərmanlara davamlılıq sindromunu aradan qaldırmağa
və onları kimyaterapiyaya həssas etməyə imkan verən prototip dərman
yaradıblar. Gələcəkdə bunun əsasında xərçəng hüceyrələrinin
bədxassəli xüsusiyyətlərini dəf edən dərmanlar yaratmaq mümkün
olacaq.

Trend xəbər verir ki, bu barədə TASS-a ICBFM SB Nuklein
turşularının biokimyası laboratoriyasının aparıcı elmi işçisi
Nadejda Mironova bildirib.

Bədxassəli törəmələrin dərmanlara davamlılıq sindromu şiş
hüceyrələrinin xarici mühitdəki dəyişikliklərə uyğunlaşmaq və
dərmanların təsirinə cavab olaraq həyat qabiliyyətini saxlamaq
qabiliyyətidir. Nəticədə şiş kimyaterapiyaya tab gətirir və
xəstəlik inkişaf edir.

“Kimyaterapiyaya son dərəcə davamlı olan insan uşaqlıq boynu
xərçəngi şiş hüceyrələrinin böyüməsini tamamilə dəf edə bildik.
Kimyaterapiya dərmanlarının istifadəsi hüceyrənin təbii qoruyucu
mexanizminin işə düşməsinə gətirib çıxarır. Bu zaman hər
kimyaterapiya kursu ilə orqanizmin müalicəyə qarşı həssaslığı
azalır. Dərmanımız müqavimətin qarşısını alaraq kimyaterapiyaya
həssaslığı bərpa edir”, – N.Mironova qeyd edib.

O, əlavə edib ki, dərmanlara müqavimət sindromu bir çox şiş
növləri üçün xarakterikdir. Tətbiq olunan yanaşma prostat xərçəngi,
melanoma və döş xərçəngi kimi digər şiş növləri kimi digər
bədxassəli törəmələrlə daha effektiv mübarizə aparmağa imkan
verəcək. Eyni yanaşma antibiotik müqaviməti ilə mübarizə üçün də
istifadə edilə bilər.

Teqlər: