Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul
imtahanının 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün
qeydiyyat sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, rezidenturaya
qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet
vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin
(baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində
iştirak etmək üçün 2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək
üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına
əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə
epayment.dim.gov.az internet səhifəsində tanış
ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan
istifadə etməklə Mərkəzin internet saytında “Namizədin elektron ərizəsi” formasını doldurur
və təsdiq edir (etdirir).

4 may saat 10:00-a olan məlumata əsasən, 1476 namizəd
(Azərbaycan bölməsi – 1212; rus bölməsi – 264) imtahana
yazılıb.

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan)
rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən
və ya rezidentura təhsilindən imtina etdikdən sonra
buraxılırlar;

Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş
(semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən
müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40
və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq
hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam
bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1,
2022, səh. 2).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında
iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə
ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam
bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ
əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya (Bakı
şəh.,H.Əliyev küçəsi 299) təqdim etməklə qeydiyyatdan keçdikdən
sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə
qalır.

Teqlər: