Rəqəmsal sahibkarlığın perspektivləri müzakirə edilib (FOTO)

Aprelin 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA
yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə
təşkil olunub.

KOBİA-dan AzerTimes-a verilən
məlumata görə, dövlət qurumlarının və biznes assosiasiyaların
nümayəndələrinin, 70-ə yaxın iş adamının iştirakı ilə keçirilmiş
budəfəki ictimai müzakirə “Rəqəmsal sahibkarlıq və perspektiv
imkanlar” mövzusuna həsr olunub.

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai
müzakirədə ölkəmizdə həyata keçirilən rəqəmsallaşdırma siyasəti,
əlverişli biznes mühitinin formalaşdırılmasında rəqəmsallaşdırmanın
rolu, rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə KOB
subyektlərinə dəstək məsələləri müzakirə olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin
məqsədi barədə məlumat verərək, sahibkarlıq fəaliyyətində
rəqəmsallaşmanın və innovativ həllərin yeni bizneslərin
formalaşmasında önəmini qeyd edib, ictimai müzakirənin bu sahədə
sahibkarların ehtiyaclarının, qarşılaşdıqları çətinliklərin
öyrənilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında
ölkədə rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsini
şərtləndirən proseslər barədə ətraflı məlumat verib. Qeyd olunub
ki, transformasiya üçün zəruri olan müasir İKT infrastrukturunun
təmin edilməsi və transformasiya prosesini apara biləcək ixtisaslı
insan resurslarının mövcudluğudur. Nazir Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən bu istiqamətdə görülən işləri
diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal
pandemiyanın dünya iqtisadiyyatına mənfi təsiri ilə yanaşı, onlayn
fəaliyyəti və rəqəmsal sahibkarlığı stimullaşdırdığını, yeni bilik
və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə, yeni
biznes proseslərin yaranması və inkişafına təkan verdiyini
vurğulayıb. Qeyd edilib ki, aparılmış hesablamalar bəzi sahələr
üzrə rəqəmsallaşmanın 10 dəfəyə qədər sürətləndiyini göstərir. Son
illər Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun
olaraq, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi
islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq olunur.
KOBİA-nın sahibkarlığın rəqəmsallaşdırılması, biznes fəaliyyətində
innovasiyaları təşviq edən dəstək və xidmətləri barədə məlumat
verən Agentlik sədri bu sahədə gələcək palanları da diqqətə
çatdırıb. Bildirilib ki, hazırda sahibkarlara göstərilən
xidmətlərin yaxşılaşdırılması və elektronlaşdırılması məqsədilə
“e-KOB evi” portalı yaradılmaqdadır. Yaxın vaxtlarda istifadəyə
veriləcək Bakı KOB evində startaplar üçün “Equipment sharing”
modeli əsasında mərkəz yaradılacaq. Burada müxtəlif texnoloji
avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq
istifadəsinə veriləcək. Yaradılması nəzərdə tutulan model müəssisə
startaplara və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan
keçirmək imkanı verəcək.

Tədbirdə biznesin rəqəmsallaşdırması istiqamətində sahibkarların
təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti
dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları
maraqlandıran suallar cavablandırılıb.