Ramin Hacılının məhkəməsi başlayıb

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa
Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə
prosesi başlayıb.

AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin hazırlıq iclası iyunun 1-də davam edəcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin
Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri
Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan
Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri
Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli
miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa
ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının
vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir
statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank
hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu
təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu,
guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən
rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş
şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə
dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları
çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil
dəstə tərkibində dələduzluq) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq
olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan
tədbirləri seçilib.

Teqlər: