Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib (FOTO)

Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təmsilçiləri Azərbaycan
Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün
məlumatlandırma günü keçiriblər. Tədbirdə Xarici İşlər
Nazirliyindən nümayəndə heyəti, AzMİU-nun Ümumi işlər üzrə
prorektoru Aqil Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə
əlaqələr üzrə prorektor Orxan Naqdiyev və tələbələr iştirak
edib.

Gənclər Şəbəkəsinin katibliyinin rəhbəri Ceyran Cəfərova
tələbələrə Qoşulmama Hərəkatı barədə məlumat verib, Azərbaycanın
2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulduğunu bildirib. O,
gələcək layihələr barədə məlumatı da tələbələrlə bölüşüb.
C.Cəfərovanın çıxışından sonra Gənclər şəbəkəsinin fəaliyyətinə
həsr olunmuş qısa video çarx və məlumat xarakterli slayd nümayiş
olunub.

AzMİU-nun prorektoru Orxan Naqdiyev beynəlxlq arenada ölkəmizin
mövqeyinin möhkəmlənməsindən, 44 günlük Vətən müharibəsində
Qoşulmama Hərəkatının ölkəmizə göstərdiyi dəstəkdən danışıb.
Tələbələrin öz ixtisaslarına yiyələnməklə yanaşı, vətəndaş kimi
ölkənin ictimai-siyasi həyatında da yaxından iştirakını vacib sayan
prorektor gəncləri Qoşulmama Hərəkatının Gənclər şəbəkəsində
fəallıqlarını artırmağa çağırıb.

XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev
qısa müddət ərzində ölkəmizin böyük etimad və hörmət qazandığını,
2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildiyini,
ölkəmizin sədrliyinin müddətinin bir il uzadıldığını diqqətə
çatdırıb. XİN rəsmisi də tələbələri aktivliyə səsləyib.

Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan
Qəhrəmanzadə şəbəkənin məqsədlərindən danışıb, bildirib ki, əsas
məqsəd üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail
olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması
üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə
fikir mübadiləsinə şərait yaratmaqdır.

Çıxışlardan sonra tələbələrlə sual-cavab sessiyası
keçirilib.

Teqlər: