Xətai rayonunda “Çempionumuz” sosial layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Mayın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə
təşkilatçılığı ilə 265 nömrəli tam orta məktəbdə “Çempionumuz”
sosial layihəsi çərçivəsində boks üzrə Avropa çempionu, həmçinin
dünya və Avropa mükafatçısı Nicat Hüseynov ilə gənclərin görüşü
keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu
sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin
inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən
işlərdən danışıb: “Gənclərin idmana marağının artırılması onlarda
vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən
uzaq olmasında mühüm rol oynayır. Bu baxımdan ölkəmizi beynəlxalq
yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin
keçirilməsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında, onların idmana marağının artırılmasında mühüm
əhəmiyyət kəsb edir.” Vüqar Rəhimzadə qeyd edib ki, ölkə
iqtisadiyyatının intensiv inkişafı bütün sosial sahələri, o
cümlədən idman və bədən tərbiyəsini əhatə edir: “Məhz bu diqqətin
və qayğının nəticəsidir ki, bu gün Nicat kimi çalışqan, Vətəninə,
xalqına bağlı idmançılarımız Azərbaycanın idman şöhrətini
yüksəklərə qaldırır, beynəlxalq yarışlarda, turnirlərdə himnimizi
səsləndirib, üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırırlar.
Dövlət başçısının idman sahəsinə diqqət və qayğısı, idmançılara
göstərilən etimad, Prezident İlham Əliyev tərəfindən edilən
təltiflərin hər biri idman ictimaiyyəti tərəfindən böyük rəğbət və
ruh yüksəkliyi ilə qarşılanır.”

Daha sonra çıxış edən məktəbin direktoru Yeganə Qurbanova
bildirib ki, idmançı Nicat Hüseynov Xətai rayonundakı 265 nömrəli
tam orta məktəbin yetirmələrindən biridir: “ Nicat 2021-ci ildə
məktəbi bitirərək elə həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasına daxil olub. O, uşaqlıqdan bu sahəyə maraq
göstərib, daim öz üzərində çalışıb. Nicat iki dəfə respublika
çempionu, “Heydər Əliyev Kuboku – 2019” turnirinin qalibi, həmçinin
Ukraynada, Rusiyada, Gürcüstanda beynəlxalq turnirlərin qalibi,
2019-cu, 2021-ci illərdə Polşada keçirilən dünya, həmin il
Monteneqroda baş tutan Avropa çempionatının mükafatçısı və 2022-ci
ildə Xorvatiyanın Porec şəhərində U19-22 Avropa çempionatının
qalibi olub”.

Direktor Y.Qurbanova son illərdə Azərbaycan gənclərinin idman
sahəsində qazandıqları nailiyyətlərin xüsusilə diqqətəlayiq
olduğunu qeyd edərək bildirib : “Prezident İlham Əliyev haqlı
olaraq vurğulayır ki, bu gün Azərbaycan dövlətinin siyasətində
gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir.
Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda, dünya
və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər.
Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə
deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual,
kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında
qibtəolunacaq nüfuz qazanıb.”

Nicat Hüseynov da öz növbəsində idman sahəsinə, idmançılara
göstərilən diqqət və qayğıya, beynəlxalq yarışlarda idmançıların
layiqincə iştirak etməsi, uğur qazanması üçün görülən lazımi
tədbirlərə, yaradılan şəraitə görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana
diqqət və qayğısını əks etdirən məqamlardan biri də idmançıları və
bu sahədə çalışanları dövlət mükafatları, fəxri adlarla təltif
etməsidir. Dövlətimizin başçısı idman sahəsinə aid onlarla Sərəncam
imzalayıb. 2021-ci ildə bir sıra yeni idman mərkəzləri istifadəyə
verilib.”

İdmançının atası Namiq Hüseynov bir valideyn kimi oğlunun hər
uğuruna sevindiyini dilə gətirərək söyləyib ki, peşəkar
idmançılarımızın uğurları yetişməkdə olan gənc nəsildə bu sahəyə
marağı daha da artırır. N.Hüseynov qeyd edib ki, valideynlər
övladlarının sağlam ruhda böyümələri, Azərbaycanın üçrəngli
bayrağını daim zirvələrə yüksəltmələri üçün onlara dəstək
olmalıdırlar.

Daha sonra Nicat Hüseynovla xatirə şəkli çəkilib.

Teqlər: