Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımz üçün əsas yol istiqamətidir

2022-ci ilin mayın 28-də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST”
Azərbaycan” Aerokosmik və texnologiyalar festivalında iştirak
ediblər.

Cənab Prezident İlham Əliyev və Cənab Prezident Rəcəb Tayyib
Ərdoğan Festivalda çıxış ediblər. Azərbaycan Respubliasının
Prezidenti cənab İlham Əliyev öz çıxışında bir çox mühüm məsələlərə
münasibət bildirmişdir. Cənab Prezident 28 May – Müstəqillik
Gününün Azərbaycanın ən əziz bayramı olduğunu bildirmiş və Türkiyə
Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu bayram
günündə Azərbaycanda olmasının bayram sevincini ikqat etdiyini
bildirilmişdir. Qeyd olunmuşdur ki, 104 il əvvəl 28 may tarixində
Azərbaycan xalqı ilk Xalq Cumhuriyyətini qurmuşdur. Xalq
Cumhuriyyətinin ömrü uzun olmadı. Yalnız 1990-cı illərin
əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və artıq
30 ildir ki, Azərbaycan xalqı azad yaşayır. Cənab Prezident
bildirmişdir ki, keçən 30 il ərzində qardaş Türkiyə daim
Azərbaycanın yanında olub. Azərbaycan ötən illər ərzində qardaşlıq
dəstəyini hər zaman hiss edib, bu gün də hiss edir və bu gün
Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan
qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir.
Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Azərbaycan
və Türkiyə yaxşı günlərdə də, çətin günlərdə də hər zaman
bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə
inamla addımlasa, regionda sülh və barış o qədər də möhkəm
olacaqdır. Çıxışında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının
əhəmiyyətini vurğulayan cənab Prezident bildirmişdir ki, bu
Bəyyannamənin imzalanması Türkiyə və Azərbaycanın münasibətlərini
rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqlik özünü hər
yerdə göstərir-siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat
layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu
quruculuğunda.

İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycanın
yanında olması Azərbaycana əlavə güc verdi. Bununla bağlı cənab
Prezident qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında
“Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana
əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç
vaxt unutmayacaq”.

“TEKNOFEST” –in Azərbaycanda keçirilməsinin əhəmiyyətini
vurğulayan cənab Prezident bildirmişdir ki, “TEKNOFEST” elm,
inkişaf, bilik, texnologiya bayramıdır, bu Festivalda iştirak edən
gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar.

Festivalda çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğan önəmli mesajlar vermişdir. Bildirilmişdir ki,
“Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri
ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm,
haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə
mübarizəyə qalxan bir millətin nümayəndələriyik”. Azərbaycanın
Vətən müharibəsində qazandığı Tarixi Zəfəfəri qiymətləndirən cənab
Prezident Rəcəb Tayyib Ərdoğan demişdir: “Qarabağ Zəfəri
millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan
Silahlı Qüvvələrinin mənsubları Qarabağda tarixdə bənzərinə az rast
gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi
ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə
biləcəyini bütün dünyaya göstərmişdir”. Cənab Rəcəb Tayyib Ərdoğan
qeyd etmişdir ki, Türkiyə müharibədə olduğu kimi, sülh dönəmində də
qardaş Azərbaycanın yanındadır.Türkiyə bundan sonra da regionda
sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə
dəstək göstərəcəkdir.

Azərbaycan və Türkiyə arasında olan münasibətlərin hazırda
çatdığı inkişaf səviyyəsi göstərir ki, artıq Azərbaycan və Türkiyə
beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı
gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında
güc mərkəzinə çevrilir. Bundan sonra da Türkiyə və Azərbaycan iki
qardaş, müttəfiq ölkə kimi yüksələn xətlə ancaq və ancaq irəliyə
doğru gedəcəklər.

Milli Məclisin deputatı
Rauf Əliyev

Teqlər: