Qida Təhlükəsizliyi İnstitutunda “Bitki sağlamlığı üzrə ekspertlər klubu” yaradılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
digər sahələrlə yanaşı, fitosanitar nəzarətinə dair normativ
tənzimləməni, həmçinin fitosanitar nəzarəti sahəsində dövlət
siyasəti və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanı olmaqla, ölkədə bitki sağlamlığı sahəsində həyata keçirilən
fəaliyyətlərin koordinasıyası, əməkdaşlığın təkmilləşdirilməsi və
gücləndirilməsini hədəfləyir.

Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ)
nəzdində ictmai əsaslarla “Bitki sağlamlığı üzrə ekspertlər
klubu”nun yaradılması planlaşdırılır. Klub bitki sağlamlığı
sahəsində çalışan eskpertlərin fəaliyyətinin əlaqələndirilməsi,
aparılan elmi araşdırmaların koordinasiyası və ictimai
müzakirələrin həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, dünyada
bitki mənşəli zərərli orqanizmlərin, o cümlədən xüsusi təhlükəli
bitki viruslarının yayılması bitkiçilik məhsullarının
məhsuldarlığına və beynəlxalq ticarətinə ciddi təhdid yaradır.
Ölkəmizdə də kənd təsərrüfatı, meşələr və digər ekoloji sistemlərdə
çoxsaylı zərərli orqanizmlərin yayılması riski mövcuddur və bu
risklərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən qurum
və mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsinə, mövcud
resurslardan istifadənin optimallaşdırılmasına ehtiyac var. Bu
baxımdan, sözügedən klubun təşkili ilə Azərbaycanda bitki
sağlamlığı ilə bağlı bütün maraqlı tərəflərin və mütəxəssislərin
koordinasiyalı fəaliyyətini təmin etmək, əməkdaşlığı inkişaf
etdirmək, prioritet məsələlər üzrə müzakirələr üçün ümumi platforma
yaratmaq nəzərdə tutulur.

Klub üzvləri qarşısında duran başlıca vəzifələr ölkənin bitki
sağlamlığı sahəsində önəmli olan istiqamətlərin
müəyyənləşdirilməsi, tətbiqi elmi tədqiqat və tərəfdaşlıq
tədbirlərinin planlaşdırılması, zərərvericilərin risk təhlili,
erkən aşkarlama üçün müşahidələrin planlaşdırılması,
zərərvericilərlə mübarizəyə töhfə vermək olacaq. Eləcə də bitki
sağlamlığının müxtəlif aspektləri üzrə gənc tədqiqatçılara
təlimlərin, ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə
tutulur. Bu tədbirlər sırasında bitki sağlamlığı sahəsində mövcud
və hazırlanan qanunvericilik aktlarının ictimai müzakirəsinin
təşkili, prioritet məsələlər üzrə tədqiqat layihələrinin işlənib
hazırlanması və həyata keçirilməsi, əldə edilən elmi-tədqiqat və
layihə nəticələrinin müzakirəsi yer alıb. Eyni zamanda Azərbaycanda
nəşr olunmuş zərərli orqanizmlərlə bağlı elmi məlumatların
toplanması, qiymətləndirilməsi və sistemləşdirilməklə məlumat
bazasının yaradılması; ölkə üçün iqtisadi əhəmiyyətə malik kənd
təsərrüfatı bitkilərində rast gəlinən zərərli orqanizmlər üzrə risk
analizlərinin (ZRA) aparılması: zərərli orqanizmlərin diaqnostikası
üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, klub üzvlərinin
iştirakı ilə müxtəlif seminar, təlim və konfransların təşkili kimi
istiqamətlər nəzərdə tutulur.

Qeyd edilənlər nəzərə alınaraq, bitki sağlamlığı sahəsində
fəaliyyət göstərən ekspertlər, alimlər, mütəxəssislər “Bitki
sağlamlığı üzrə ekspertlər klubu”na üzvlüyə dəvət edilir. Kluba üzv
olmaq istəyən ekspertlər müvafiq tələblərə uyğun olmalıdır. Belə
ki, üzvlük üçün aqronomluq, biologiya və ya aqrokimya ixtisası üzrə
ali təhsil, eyni zamanda bitki sağlamlığı sahəsi üzrə ən azı 5 il
peşəkar təcrübə tələb olunur. “Bitki sağlamlığı üzrə ekspertlər
klubu”na üzv olmaq istəyən şəxlər CV-lərini [email protected]
ünvanına göndərə bilər.

Teqlər: