Azərbaycanlı şagird və tələbələr 3D modelləmə və çap müsabiqəsində iştirak edəcək – TEKNOFEST nümayəndəsi (FOTO)

Azərbaycanlı şagird və tələbələr TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və
texnologiya festivalı çərçivəsində keçiriləcək “Baku Skills” 3D
modelləmə və çap müsabiqəsində iştirak edəcək.

Bunu Trend
TEKNOFEST
Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalının Azərbaycan
ofisinin nümayəndəsi Zeynəb Babayeva deyib.

Onun sözlərinə görə, müsabiqədə iştirak A və B kateqoriyaları
üzrə nəzərdə tutulub.

“A kateqoriyasında məktəblilər, B kateqoriyasında isə tələbələr
iştirak edəcək. “Baku Skills” müsabiqəsinə yalnız azərbaycanlı
şagird və tələbələr buraxlır. Bu müsabiqənin tapşırıqları 3D
modelləmə və çapla bağlıdır”, – deyə o bildirib.

Z.Babayeva vurğulayıb ki, TEKNOFEST çərçivəsində məhz bu müsabiqədə daha çox
komanda qeydiyyata alınıb.

“Təkcə A kateqoriyası üzrə 175 komanda. B kateqoriyasında isə 52
komanda müraciət edib. Hər komandada 3-6 nəfər iştirak edə bilər.
Artıq A kateqoriyası üzrə komandalara tapşırıqlar verilib,
iştirakçılar 3D çapı üçün zəruri printerlərlə təchiz olunub. Martın
31-i A kateqoriyasının iştirakçılar üçün son tarixdir. Bu tarixədək
komandalar öz işlərini müvafiq sistemə yükləməlidir”, – Z.Babayeva
deyib.

O, həmçinin qeyd edib ki, aprelin 6-da B kateqoriyasında, 7-də
isə A kateqoriyasında TEKNOFEST-də çıxışını davam etdirəcək komandaları adı
açıqlanacaq.

“A kateoqriyası üçün mükafat fondu 7 min manat, birinci yer üçün
4 min, ikinci yer üçün 2 min və üçüncü yer üçün min manat təşkil
edir. B kateqoriyasında isə mükafat fondu 12 min manat, birinci yer
üçün 6 min, ikinci yer üçün 4 min və üçüncü yer üçün 2 min manat
təşkil edir. Bundan başqa, komandaların mentorları da
mükafatlandırılacaq. Birinci yeri tutan mentor 700 manat, ikinci
yer 500 manat, üçüncü yer tutan mentor 300 manat mükafat
qazanacaq”, – Z.Babayeva bildirib.

O əlavə edib ki, komandalar final mərhələsində münsiflər
heyətinin təqdim edəcəyi müəyyən tapşırığı yerində icra etməli
olacaq.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiyaAgentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.