Qazilərin Türkiyədəki müalicəsinə xərclənən vəsait açıqlanıb

“YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən
müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib.
Onlardan 132-si sağalaraq Vətənə qayıdıb, 35 qazimizin müalicəsi
Fondun nəzarəti altında davam etdirilir. Ümumilikdə Türkiyədəki
müalicələrə Fondun büdcəsindən 12 milyon manatdan artıq vəsait
xərclənib. Hazırda Türkiyə Respublikasında müalicə alan 35 qazimiz
üçün Fondun büdcəsindən 6 milyon manatdan artıq vəsait
xərclənib.

​Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy
mütəxəssislər tərəfindən verilir. İcra olunmalı əməliyyatların və
ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda
Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim
rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının
necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata
keçirilir. Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə
gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və
müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü
təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi
həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və
reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların
müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş
tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin
səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün
tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq odur
ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki
vəziyyətlərinə qaytarılması mümkün deyil.

​Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin əməkdaşlarından ibarət tibbi
komissiyanın Türkiyəyə səfəri təşkil olunub və orada müalicə olunan
25 hərbçimizin əlilliyi qiymətləndirilib.

​Müalicə prosesində qazilərimizlə birlikdə 1 nəfər ailə üzvü də
Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir.
Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara
bir nəfər baxıcı təhkim olunur.

​1 ildən artıq müddətdir ki, qazilərimiz ölkə xaricinə göndərilir
və bu müddətdə onların digər ailə üzvləri – həyat yoldaşları,
valideynləri, övladları ilə də mütəmadi görüşlər təşkil olunur.
Eyni zamanda həmin qazilərimiz Türkiyədə təşkil olunan rəsmi
tədbirlərə xüsusi qonaq qismində dəvət olunurlar, bayramlarda,
xüsusi günlərdə onlar üçün təşkil edilən ziyafətlərə
qatılırlar.

​Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsinin
bütün maliyyə xərclərini qarşılayır. Bura təyyarə bileti, xəstəxana
xərcləri, qarşılanma, yemək və otel, nəqliyyat daxil olmaqla yarana
biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu
xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər
ay qazilərimizə 200 dollar xərclik təqdim olunur. Qazilərimizin
tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması və
borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də
təmin edilib.

​Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar
aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə
ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar
həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncəki
kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla
birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa
heç bir səbəb yoxdur.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq
üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Teqlər: