Bakıda narkokuryerlərə qarşı əməliyyatlar keçirilib, 14 nəfər saxlanılıb (FOTO/VİDEO)

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün
ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və
qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, həmin
şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop
maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar
olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon
ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və
Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan”
markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar
edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1
kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar
edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr
ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun
“Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin
satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən
külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar
edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan
şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial
şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn
yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt
ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə
razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan
şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə
istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan
materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam
etdirilir.

Teqlər: