Qarabağdakı layihələrdə iştirak üçün xarici şirkətlərdən gələn müraciətlərin sayı açıqlanıb

Bu günədək Qarabağdakı layihələrdə iştirak üçün 1100-ə yaxın
müraciət daxil olub ki, onların 390-a yaxını xarici
şirkətlərdəndir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov
Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında
sahibkarlığın rolu” konfransında deyib.

“2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf
strategiyası post-pandemiya dövrü üçün bizneslərin daha da inkişafı
baxımından yeni imkanlar yaradacaq. Şübhəsiz ki, Vətən Müharibəsi
nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan
azad edilməsi də ölkəmizdə biznesin inkişaf üçün əlavə mənbələr
açmış oldu. Hamımıza bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və
faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd
təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi
iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara
çıxış böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın
iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də
işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq
subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam
etdirilir. Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil
olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan
müraciətlərdir”, – deyə o bildirib.

O.Məmmədovun sözlərinə görə, KOBİA-nın fəaliyyəti də məhz
sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni
təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə
yönəlib.

“Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes
subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir, o zaman,
şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin
inkişaf səviyyəsi ilə sıx bağlıdır. Hazırda ölkənin 31 şəhər və
rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq
subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına
hərtərəfli dövlət dəstəyini yerində təmin edir. Bilik və
bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda 21
KOB İnkişaf Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə təlimlər,
məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata
keçirilir. Agentliyimiz tərəfindən verilən startap sertifikatları
vasitəsilə innovativ sahibkarlar vergi güzəştlərini əldə etmiş
olurlar”, – KOBİA sədri deyib.

O əlavə edib ki, 2021-ci ildə mikro sahibkarlıq subyektlərinin
ümumi dövriyyəsi üzrə 31 faiz, kiçik sahibkarlıq üzrə 79 faiz, orta
sahibkarlıq üzrə isə 139 faiz artım qeydə alınıb.

(Tərcümə: Orxan Nəbiyev)