Qarabağda “KamAZ” zavodunun işə salınması planlaşdırılır – Overçuk

2022-ci ilin ikinci rübündə Qarabağda “KamAZ” şirkətinin
zavodunun istifadəyə verilməsi planlaşdırılır.

Trend-in
məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk
Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, tərəflər ticari-iqtisadi əməkdaşlığın
inkişafı üzərində işləməyi davam etdirəcək.

“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif sahələrə aid bir
sıra tədbirlər keçirəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi
çərçivəsində aktiv işi davam etdirmək lazımdır. Bu ilin dördüncü
rübündə Azərbaycanla sərhədin Rusiya tərəfində sərhəd keçidinin
rekonstruksiyasını başa çatdırmaq, eləcə də keçid zolaqlarının
sayını artırmaq planlaşdırılır”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bir sıra sahələrdə
çoxlu sayda Rusiya şirkəti fəaliyyət göstərir. Həmçinin,
Azərbaycanla birgə dəmiryol vaqonlarının istehsalının işə salınması
məsələsi müzakirə olunur.

A.Overçuk əlavə edib ki, enerji sektorunda sabit əməkdaşlığı
dəstəkləmək vacibdir.

“Rusiya bu istiqamətdə böyük təcrübəyə malikdir. Ümid edirik ki,
biz bir daha Bakıda 11-ci regionlararası forum çərçivəsində
görüşəcək və mövcud layihələrin müzakirəsini davam etdirəcəyik”, –
o deyib.

(Tərcümə: Orxan Nəbiyev)