Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi (FOTO)

Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan
arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir
keçirilib

Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü
başlayır. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən
fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində
müvafiq siyahı hazırlanıb, arıçı fermerlər Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə
cəlb olunublar.

Nazirlikdən AzerTimes-a bildirilib ki, təlimlərdə fermerlərə mina və
partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah
olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində
təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.
Bu gün Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan
arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir
keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih
Yılmaz, Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan
Qələndər, Qubadlı rayon icra hakimiyyətinin rəhbərliyi, Azərbaycan
Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar
Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov, Qubadlı rayonundan
olan arıçı fermerlər iştirak ediblər.

“Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev tədbir
iştirakçılarını salamlayaraq bu günün Qubadlı arıçıları üçün tarixi
gün olduğunu bildirib. Qubadlıdan olan arıçıların öz
təsərrüfatlarını bu il rayonun yaylaqlarına qaldıracağını deyən
Yusif Quliyev bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və
monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, ötən il
Kəlbəcər və Laçın laylaqlarına arıçılıq və qoyunçuluq
təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə
uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan
sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların
siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da
30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz
təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə edirlər.

Tədbirdə çıxış edən TİKA-nın Bakı Ofisinin rəhbəri Fatih Yılmaz
iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil
etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd
təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu
layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq
təsərrüfatlarına texniki dəstək göstərilib. “Dağ Arıçıları” İctimai
Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub,
birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib.

Təsərrüfatlardakı arı ailələri Qubadlı yaylaqlarına bu
konteynerlərdə köçürüləcək. Fatih Yılmaz Qubadlı arıçıları üçün
xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini
bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək
olacaqlarını vurğulayıb.

Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan
Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün
istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış
memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün
istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. Hakan
Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik
fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik
edib.
Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların
təsərrüfatlara baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini
izləyiblər.

Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülmsəi
nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2207 arı ailəsi
köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında,
Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı,
Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. Nazirlik
tərəfindən yaylaq mövsümü ərzində Qubadlı rayonuna köçürülmüş
təsərrüfatların daimi monitorinqi aparılacaq.

Teqlər: