Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev
gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak
etməyə səsləyib: “Əziz dostlar, hər birinizi salamlayıram. Məlumdur
ki, “Yüksəliş” müsabiqəsinin ikinci dövrünün qeydiyyat mərhələsi
hazırda davam edir. Bu fürsətdən istifadə edərək hər birinizi bu
müsabiqəyə qatılmağa dəvət edirəm. Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin öz çıxışlarında
dəfələrlə səsləndirdiyi fikir məhz ondan ibarətdir ki, biz qara
qızılı insan kapitalına çevirməliyik və “Yüksəliş” müsabiqəsi bu
missiyaya xidmət edən təşəbbüslərdən biridir. Müsabiqə
iştirakçıları təcrübəli idarəçilərlə görüşmək, o cümlədən, öz
potensiallarını inkişaf etdirib yeni sahələrdə özlərini doğrultmaq
imkanları əldə edirlər. Bu səbəbdən hesab edirəm ki, öz inkişafında
maraqlı olan, özü üçün yeni imkanlar və fürsətlər axtarışında olan
hər bir peşəkar “Yüksəliş” müsabiqəsinə qatılmalıdır”.

Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci “Yüksəliş”
müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31
mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali
təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan
Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə
iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə
həyata keçirilir.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi
rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət
xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr
ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı
gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Videoya keçid linki: https://www.youtube.com/watch?v=rgij_vDe0Lo

Teqlər: