Rasim Quliyev məhkəmə zalından azadlığa buraxıldı

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri, hazırda
həbsdə olan Rasim Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

AzerTimes-ın
məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə
qərar qəbul edilib.

Qərara görə Rasim Quliyevə 2 il şərti cəza verilib və o, məhkəmə
zalından azadlığa buraxılıb.

Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu,
Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,
habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən
mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış
binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə
qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı
aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının
müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH
başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif
oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən
vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH
başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının
tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını
şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə
1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət
abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin
olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan
mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq
söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin
aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına
əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət
Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən
olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin
aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri
ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Quliyev 3 il
azadlıqdan məhrum edilib.

Teqlər: