Prezidenti İlham Əliyev: Biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də
Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında
dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü
artırmasının zəruriliyi məsələsinə də toxunub.

Trend xəbər verir ki, dövlətimizin başçısı çıxışında bu barədə
deyib: “Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il
bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var.
Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq,
daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc
yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm
də”.

Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan
Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də
göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq.
Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki,
dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri
Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni
silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra
da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi
yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki,
bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur.
Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd
apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin,
öyrətməsin. Buna ehtiyac yoxdur”.

Teqlər: