Azərbaycanda yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb

Yağan intensiv yağışlardan sonra Respublikanın əksər çaylarında
sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə
qısamüddətli daşqın və sel keçib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

“Yağan intensiv leysan yağışlardan sonra Böyük Qafqazın
ərazisindən axan Göyçay, Türyançay, Dəmiraparançay, Girdimançay,
Pirsaatçay və Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Əsrikçay,
Axıncaçay çaylarından sel keçib”, – o deyib.

A.Verdiyev bildirib ki, Böyük Qafqazın cənub yamacından axan
Göyçay, Türyançay və Girdimançaydan keçən sel nəticəsində mayın
26-27-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 135 sm,
Surrada 108 sm, Şirvanda 80 sm, Salyanda 62 sm, Bankə məntəqəsində
isə 10 sm artıb. Gün ərzində Kür çayında aparılan müşahidələrə
əsasən çayda suyun səviyyəsinin artımı davam edir: “Kürün aşağı
axınında gündəlik aparılan monitorinqlərin nəticələri də onu
göstərir ki, çayda şirinləşmə davam edir və Kür öz normal
vəziyyətində dənizə axır”.

Xidmət rəsmisinin sözlərinə görə, həftənin sonunadək hava
şəraitinin əsasən yağmursuz keçəcəyi ilə əlaqədar çaylarda
sululuğun azalması, lakin Kür çayınınn aşağı axınında səviyyənin
artımının davam edəcəyi gözlənilir.

Teqlər: