Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi – Sevil Mikayılova

2018-ci il aprelin 11-də Azərbaycanda 8 namizədin iştirakı ilə
keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan
Partiyasının namizədi olaraq cənab İlham Əliyev seçicilərinin
mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan
Respublikasının Prezidenti seçildi. Xalq növbəti dəfə öz seçimini
etdi. Azərbaycanın tərəqqisi, aydın inkişaf yolu, rifahı və əbədi
müstəqilliyi məhz bu seçimdən keçirdi. Xalq səhv etmir və edə
bilməz. Məsud gələcək, nəsildən-nəslə ötürülən dəyərlər və
babalarımızın bizə əmanət qoyduğu Vətən torpaqlarının
təhlükəsizliyi bu qərardan asılı idi.

İlk dəfə 2003-cü ildə xalqın etimadını qazanaraq prezident
seçilən İlham Əliyevin prezidentlik dövrü quruculuq, yenidənqurma
illəri kimi yadda qaldı. Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu
Heydər Əliyevin siyasətini uğurla davam etdirən Cənab Prezidentin
siyasi hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinin əsasları
ciddi şəkildə möhkəmləndi, siyasi gücü-qüdrəti və iqtisadiyyatı
daha da artdı, beynəlxalq müstəvidə mövqeyi, nüfuzu xeyli gücləndi.
2018-ci il seçkilərində qazandığı parlaq qələbə isə xalqın öz
liderinə olan sonsuz məhəbbəti, inamı və gələcəyinə etibarı idi.
2003-2018-ci illərdə Prezident İlham Əliyev ölkəmizin hərtərəfli
inkişafına nail olmuş, onun siyasi və iqtisadi nüfuzunun artması və
regional gücə çevrilməsini təmin etmişdi. “Ancaq iqtisadiyyatı
güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – fikrini
səsləndirən Prezident İlham Əliyev bu illər ərzində davamlı olaraq
iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış
edib.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü
kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə
gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6
dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə
artdı. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun
səviyyəsi 44.7 faizdən 5.4 faizə endi. Bütün bunların nəticəsi
olaraq 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik
indeksində dünyadakı mövqeyini xeyli gücləndirdi. 2003-2018-ci
illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf
etdi, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən ixrac edən
ölkəyə çevrildi. Həmçinin kənd təsərrüfatının inkişafı
istiqamətində aparılan planlı işlər öz səmərəsini verdi, ölkənin
ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə
olundu. Bu istiqamətdə böyük meliorasiya tədbirləri görüldü, dörd
böyük su anbarı tikilərək istifadəyə verildi.

İqtisadiyyatın inkişafı ilə yanaşı müstəqil Azərbaycanın
beynəlxalq aləmdə siyasi mövqeləri də gücləndi. 2003-2018-ci
illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən xarici siyasət və uğurlu diplomatik gedişlər,
Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və digər bu kimi
nüfuzlu qurumların tribunasından səsləndirdiyi qətiyyətli
bəyanatlar və bir çox məsələlərdə onun rəyinə göstərilən hörmət
ölkəmizin siyasi mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycan
beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, sözü
və əməli eyni olan ölkə, etibarlı tərəfdaş kimi tanınır. Təbii ki,
bu status məhz Prezident İlham Əliyevin liderlik istedadı, yüksək
diplomatik qabiliyyəti və siyasi nüfuzunun vəhdəti nəticəsində
qazanıldı.

Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə strateji
hədəflərə nail olundu, peşəkar ordu quruculuğu müvəffəqiyyətlə
həyata keçirildi, Ali Baş Komandanın rəhbərliyi altında ordu
quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı
və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri
nəticəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları
sırasına daxil oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi
Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən
güclü ordusundan da biridir. Məhz bu Ordu 2020-ci ildə Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
tarixinə qızıl hərflərlə Zəfər səhifəsini yazdı. 44 günlük Vətən
müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, döyüş
taktikası və hərbi innovativlik bütün dünyanı özünə cəlb etdi.
Hazırda məhz bu döyüşlərin taktika və texnikası dünyanın bir sıra
hərbi mərkəzlərində dərindən öyrənilir.

Əminliklə söyləmək olar ki, Azərbaycan tarixinin 2003-2018-ci
illəri əhatə edən dövrü milli maraqların qorunmasına xidmət edən
strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev xalqı milli
ideya ətrafında birləşdirib Azərbaycançılıq məfkurəsini daha da
dərinləşdirdi. Bugünki Azərbaycan dünyanın bütün nöqtələrində
yaşayan hər bir azərbaycanlının fəxr etdiyi, qürur duyduğu,
arzuladığı Vətənidir.

Milli-mənəvi dəyərlərimizə sıx bağlı olan vətənpərvər
gənclərimiz isə Azərbaycanın ən böyük varidatıdır, bugünü,
gələcəyidır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında
ən böyük xidmətlərindən biri milli ruhda tərbiyə alan parlaq
gəncliyimizin yetişməsidir. Onların təlim-tərbiyəsinə, təhsilinə,
müasir inkişafına göstərilən diqqət və qayğının nəticəsində yetişən
sağlam düşüncəli gənclər etibarlı gələcəyimizi təmin edəcək.
Çiçəklənən, məsud, güclü Azərbaycan Prezident İlham Əliyevin
amalıdır. Tarix yazan ŞƏXSİYYƏT tarixin qızıl səhifəsidir!

Sevil Mikayılova
Milli Məclisin deputatı

Teqlər: