BANM və Cenevrə Biznes Məktəbinin birgə diplomları təqdim edilib (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda Ali Məktəbin 2021-ci
il Magistratura məzunlarına İsveçrənin Cenevrə Biznes Məktəbinin
(GBS) MBA üzrə ikili diplomlarının təqdimolunma mərasimi
keçirilib.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov qonaqları salamlayaraq məzunları təbrik edib və
onlara müvəffəqiyyətlər arzulayıb. Ali Məktəbdə MBA proqramlarının
uğurla həyata keçirildiyini bildirən rektor qeyd edib ki, bu gün
diplomlarının təqdimolunma mərasimi keçirilən MBA proqramı dünyanın
ən nüfuzlu özəl biznes məktəblərindən biri olan Cenevrə Biznes
Məktəbi ilə imzalanmış Əməkdaşlıq haqqında Razılaşmaya əsasən
reallaşıb. O vurğulayıb ki, bu proqram Azərbaycanda ilk dəfə ikili
diplomlu Neft və qaz menecmenti üzrə MBA proqramı olub: “BANM-in
bütün proqramları kimi ikili diplomun təqdim edilməsini nəzərdə
tutan bu proqram da beynəlxalq standartlara tam uyğun şəkildə
həyata keçirilib və yüksək səviyyədə tədris olunub. Bu proqram üzrə
təhsil haqqı hər tələbə üçün 2,350 ABŞ dolları olub, halbuki
İsveçrədə Cenevrə Biznes Məktəbinin kampusunda bir tələbənin
xərcləri 60 min dollar təşkil edir. Azərbaycan dövlətinin təhsilə
qayğısının və SOCAR-ın sosial layihəsi sayəsində yüksək səviyyəli
təhsil aşağı büdcə ilə həyata keçirildi. Tələbələrə dərin
biliklərlə yanaşı, sosial bacarıqlar, liderlik, strateji analiz və
qazandıqları biliklərin biznesdə tətbiqi öyrədilib. Proqramın
uğurla icra olunmasının və yüksək səviyyəli biliklərin
aşılanmasının nəticəsidir ki, proqramın bütün məzunları nüfuzlu
şirkətlərdə, müəssisələrdə çalışırlar”.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov
məzunlara uğurlar arzulayıb. Proqramın əhəmiyyətini vurğulayan
SOCAR-ın vitse-prezidenti burada qazanılan biliklərin bacarığa,
səriştəyə çevrilməsinin uğurun açarı olduğunu qeyd edib.

Məzunları təbrik edən SOCAR-ın I vitse-prezidenti və SOCAR
prezidenti vəzifəsinin müvəqqəti icraçısının müşaviri Elçin
Ağakişiyev təhsilin, biliyin əhəmiyyətindən bəhs edərək bildirib
ki, bilik uğurun əsasıdır. O, məzunlara uğurlar arzulayaraq
tövsiyələrini verib.

Bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr
üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında təmsil etdiyi
şirkətlə Bakı Ali Neft Məktəbi arasında yaxın tərəfdaşlıq
münasibətlərinin olduğunu və Ali Məktəbin bir çox məzununun bp
şirkətində müxtəlif vəzifələrdə çalışdığını qeyd edib. BANM-də
təhsilin keyfiyyətini, tədrisin beynəlxalq standartlara uyğun
aparıldığını da vurğulayan Bəxtiyar Aslanbəyli bildirib ki, bu
ikili diplom proqramı da peşəkar kadrların hazırlanması
istiqamətində atılan vacib addımlardan biridir.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov
Bakı Ali Neft Məktəbində həyata keçirilən MBA proqramının
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Milli prioritetlərə
uyğun, çox əhatəli olduğunu və dərslərin maraqlı keçirildiyini
bildirib.

Tədbirdə BANM-in müəllimləri – SOCAR-ın Əmək şəraiti
normalarının işlənməsi idarəsinin rəis müavini Ziya Mürsəlzadə,
“Pasha Property Management” MMC-nin baş icraçı direktoru Fuad
Kərimov, proqramın məzunları – Bakı Ali Neft Məktəbinin əməkdaşları
Cahan Məmmədova və Gülşən Cabbarzadə təəssüratlarını
bölüşüblər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Cenevrə Biznes Məktəbi
ilə Neft-qaz menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq
Razılaşması 2019-cu ilin aprel ayında imzalanıb. Həmin il proqram
üzrə qəbul həyata keçirilib və 2021-ci ildə proqramı 19 nəfər
uğurla bitirərək məzun olub.

1995-ci ildə yaradılan Cenevrə Biznes Məktəbi biznes məktəbləri
içərisində qabaqcıl yerlərdədir. Cenevrə Biznes Məktəbi 2016-cı
ildə CEOWORLD jurnalının qlobal biznes məktəbləri sıralamasına
əsasən dünyanın ilk yüzlüyündə, İsveçrədə 3-cü sırada yer alıb.

Teqlər: