Bakıxanov qəsəbəsində Sülh küçəsinin təmiri yekunlaşır (FOTO)

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik
Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, aparılan
təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton
örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının
normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya
sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı
zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki
daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz
edilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2
laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunur. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edir.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin
edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri
aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün
ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya
xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması
işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların
istifadəsinə veriləcək.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Bunun
üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə
ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən 6 küçədə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir
işlərinə start verilib.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi
uzunluğu 9 km təşkil edən küçə təmir edilib.

Teqlər: