Prezident İlham Əliyev Vladimir Putinə məktub göndərib

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub
göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Əlamətdar yubiley – Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Rusiya xalqını
səmimi qəlbdən təbrik edirəm.

Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və
mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya
münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin
mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji
tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf
edib və möhkəmlənib.

Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat,
energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla
səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur.
Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı
müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və
təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin
dinamik inkişafına parlaq sübutdur.

Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin
qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm
sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin
keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub.

Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı
səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin
inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət
təsir göstərir.

Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan
xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı
anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu
xüsusi qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində
əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət
səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində
və ali təhsil müəssisələrində rus dilində təhsil bizim
tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani
şəkildə təsdiq edir.

Regionlararası kooperasiya da bizim dövlətlərarası
münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya
Federasiyasının çoxsaylı subyektləri ilə fəal qarşılıqlı əlaqə
saxlayır, bununla da bütün səviyyələrdə əlaqələrimizin
genişlənməsinə şərait yaradır.

Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli
əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin
xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün
yeni imkanlar aça biləcəyik.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına isə əmin-amanlıq və
firavanlıq arzu edirəm”.

Teqlər: