Prezident İlham Əliyev: Siyasi cəhətdən tam müstəqilik

Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük
işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər
kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın
mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən
dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə
edir.

Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən
müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix
göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz
həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız
yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.
Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi
deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib.
Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər
torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng
layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq
məlumatlandırılır.

Siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı
bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri,
dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Bu
gün dünyada gedən proseslər hər birimizin gözü önündədir.
Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki,
adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz
müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil
olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı
şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər.
Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta
səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz
qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq.
Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk
günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə
bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix
verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz
dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil
siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın
xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi
bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü
iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə
ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır”.

Teqlər: