Prezident İlham Əliyev: Heç kim gəlib bizə dərs oxumasın, buna ehtiyac yoxdur

Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin.
Buna ehtiyac yoxdur.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz
həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim
ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat
yaşayaq. Bu gün dünyada gedən proseslər hər birimizin gözü
önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə
bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir.
Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında,
müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu
işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər.
Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta
səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz
qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq.
Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk
günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə
bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix
verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz
dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil
siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın
xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi
bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü
iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə
ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.

Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan
əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki,
beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü
olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa, düşməni güc yolu ilə
torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də.

Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın
tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və
güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə
bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən
biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra
yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan
sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz
kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik
ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac
yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna
həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin,
öyrətməsin. Buna ehtiyac yoxdur”.

Teqlər: