Prezident İlham Əliyev: Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır

Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük
işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim
iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki,
Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə
almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər
kəsdən bu hörməti tələb edir və bunu əldə edir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan
dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil
ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir.
Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı
özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur.
Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz
iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə
bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu
biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda
öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra
edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq
məlumatlandırılır”.

Teqlər: