bp Azərbaycan üçün dekarbonizasiya üzrə təkliflər sənədini təqdim edib

Bu gün bp Azərbaycanın enerji keçidinə dəstək məqsədilə
dekarbonizasiyaya dair əhatəli təklif və tövsiyələri əks etdirən
sənədi Energetika Nazirliyinə təqdim edib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, sənəddə Azərbaycanın bərpa olunan enerji mənbələri
üzrə potensialı, az karbonlu həll imkanları, innovativ bərpa olunan
enerji layihələri, habelə bp-nin dəstək ola biləcəyi layihələrdən
bəhs edilir. Karbonsuzlaşdırma strateji aspektdə əsaslandırılaraq
bu prosesin 2050-ci ilə qədər olan müddətdə Azərbaycan üçün mümkün
nəticələri təqdim edilir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycanın “yaşıl”
artım ölkəsi olaraq inkişaf etmək və xalis sıfır emissiyalı “yaşıl
enerji” zonası yaratmaq kimi transformativ prioritet və planları
aşağı karbonlu yanaşmaların tətbiqini vacib edir. Bu sənəd
Azərbaycanın bərpa olunan enerji mənbələrinə əsaslanan enerji
sistemi və aşağı karbonlu gələcək qurmaq, 2050-ci ilə qədər
istixana qazı emissiyalarını 40 faizədək azaltmaq niyyətinə çatmaq
üçün mütərəqqi həllər təqdim edir. bp-nin karbonsuzlaşdırma ilə
bağlı prosesə dəstəyi, eləcə də “yaşıl” gündəliyimizin icrasında
iştirakı karbohidrogen sektorunda uzunmüddətli və etibarlı
tərəfdaşlığımızı yeni səviyyə yüksəldir, qlobal iqlim hədəflərinə
birgə töhfələrimizə yol açır”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qəri Counz deyib: “Bu sənədin hazırlanması və bugünkü təqdimat
ölkənin enerji keçidi səylərinə dəstək olaraq bp-nin Azərbaycan
hökuməti ilə əməkdaşlığında irəliyə doğru atılmış önəmli bir
addımdır. Ötən ilki memorandumun imzalanmasından bəri biz ciddi
işləyərək bp Qrupunda tətbiq olunan az karbonlu texnologiyalar və
biznes modelləri təcrübəsindən istifadə etməklə Azərbaycan üçün bu
sənədi hazırlamışıq. Çox məmnunuq ki, artıq bu sənədin bir sıra
komponentləri üzərində iş gedir. Ümid edirik ki, bp istər
karbohidrogenlər, istərsə də az karbonlu enerji sahəsində
Azərbaycanın enerji ehtiyatlarının işləniməsinə yardım etməkdə
aparıcı rol oynamağa davam edəcək”.

Bu sənəd iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş
enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və
rayonlarında bərpa olunan enerji layihələri üçün tələb edilən
potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək
məqsədilə 2021-ci ilin fevral ayında Energetika Nazirliyi ilə bp
şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.

Həmin vaxtdan etibarən bp və Energetika Nazirliyi, həmçinin
müxtəlif dövlət qurumları bu sənədin hazırlanması istiqamətində
fəal əməkdaşlığa cəlb edilib. Ölkə üçün müxtəlif dekarbonizasiya
imkanlarının intensiv müzakirəsi əsasında bu sənəd tərtib
olunub.

bp və Energetika Nazirliyi Azərbaycanın az karbonlu enerji
ehtiyatlarının işlənməsi üzrə vizyonunun reallaşdırılması və
ölkənin ümumi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi
istiqamətində sıx əməkdaşlıq etməkdə davam edəcək.

Teqlər: