Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən
təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü,
Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda
xidmətlərinizə verilən yüksək qiymətdir.

Biz Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.
Bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü –
ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyini qeyd edəcəyik. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu
dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı
fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış,
iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu
əməkdaşlığımızı şərtləndirmişdir.

İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində
qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq
əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi
istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə
davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb
Əmirliklərinin dost xalqının rifahı naminə qarşıdakı məsul
fəaliyyətinizdə uğurlar arzulayıram”.

Teqlər: