Prezident İlham Əliyev: Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir (YEKUN NİTQİ)

Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası
arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.


Trend
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş
müşavirədə deyib.

Prezident İlham Əliyevin yekun nitqi:

“Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında
danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda
görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki
bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım
olacaq. Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası
nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar
bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında
icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar
müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına,
hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə
olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə
ki, yerlərdən gələn təkliflərə üstünlük verilir.

O ki qaldı, Qarabağ və Şərqi Zəngəzurdakı işlərə, orada hələ ki,
heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri
mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il
genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük
infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını
sadalasam, yenə də çox vaxt gedəcək.

Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək
işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm.
Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda
Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş
planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı
ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi
bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər,
Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin
Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan
sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya
proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2
milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300
milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki,
Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə
məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını
nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra
edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il
dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və
bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan
biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin
olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz
vətəndaşları o ərazilərə yerləşdirə bilərik.

Qeyd etdiyim kimi, yeni texnikanın alınması təmin edilir, o
cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar
alınır. Burada, əlbəttə ki, beynəlxalq mütəxəssislərin dəstəyinə
böyük ehtiyac var. Bizim indi üç qurumumuz – ANAMA, Müdafiə
Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə
işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli
şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və
bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu
təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, – əfsuslar
olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, –
eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz
xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə,
onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim
üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri
qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə
fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə
bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır.
Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin
alınması da təmin edilməlidir.

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər
davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat
gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi
Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə
Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı
tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o
stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın
rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu
stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji”
tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata
bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra
işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki
əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin
digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu,
sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq
ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri
ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal
olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki,
sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki,
İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə
məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir
stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra
sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar.
Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan
stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin,
təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir.
Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik
stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət
edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli,
burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya
xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl,
Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı
həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli
şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi
enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, – mən bu
göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, – həm də
ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə
biləcəyik.

Qeyd etdiyim kimi, artıq bütün bölgələri birləşdirən xətlər var.
Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa
edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin
relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik
xətləri çəkildi – Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü
3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu
bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə
layiqdirlər. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik
stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir.
İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki,
daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa
gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür – 240 meqavat
gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə
çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik.
“bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi
üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə
də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı
olacaq.

Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad
edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox
potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu
təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik
xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il
elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb.
Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq
şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad
edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən məhz bu
məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan
İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə
və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran
məsələlərdəndir.

Keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu
körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni
zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı
müddəa var. Ona görə biz bu işlərə də tezliklə başlamalıyıq. Hər
halda, Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret
təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana
qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son
razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə
bilər.

Eyni zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin
inşası da nəzərdə tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin
açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur
üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı
aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran
üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına
çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın
gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni
beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim
nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız
vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir
yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər
infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan,
əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq,
əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə
sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər
inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər
biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan
istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə
qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik
və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və
gələn il daha da artıracağıq.

Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan
Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Yəni, biz
sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da
çəkilir.

Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da
görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər
Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci
növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr
Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları
ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu,
Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək
istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi
ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu
bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə
gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az
cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.

Digər infrastruktur layihələrinə gəldikdə isə deyə bilərəm ki,
Bərdə-Ağdam dəmir yolunun inşası bu il davam edir. Yəqin ki, gələn
il istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və
Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Layihələr
təqdim edilməlidir və aidiyyəti qurumlar tərəfindən nəzərdən
keçirilməlidir və mənə təqdim olunmalıdır.

Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ Zəngilan
Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Bu da bu ilə
nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci
beynəlxalq hava limanı olacaq. O ki qaldı, Laçın Beynəlxalq Hava
Limanının inşasına, bunu biz 2024-cü ilə planlaşdırırıq. Orada
işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi
düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma
o da mütləq olacaq.

Avtomobil yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan
Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni
zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri
turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm
mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır.
Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi – həm
turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti
var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər
istiqamətindən rahatlıqla gedə biləcəyik. Ona görə bu il bu yol
istismara verilməlidir.

Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə
verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük
əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik. Bu il
istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil
yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən
Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi
davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə,
ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni,
Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib.

İndi sərhəddə rahat xidmət etmək mümkündür. Davam edən
layihələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq
istəyirəm. Deməli, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil
yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və
təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya,
oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut
yolu inşa olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4
cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları
çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur,
çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov
aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə
keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam
etdirilir. Bunun da böyük rəmzi mənası var. İstisu sanatoriyası
sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet
ittifaqının müxtəlif yerlərindən oraya gələnlər çox idi. Amma biz
Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük.
Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi
qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş
sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim
ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160
yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun
istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin
təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük
rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər. Eyni zamanda,
əminəm ki, necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə
də beynəlxalq səviyyəli kurort yaranacaq. Çünki Laçın aeroportu
istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel
çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən
Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki,
İstisu yenə də öz şöhrətini qaytaracaq. Azad edilmiş torpaqlarda
indi içməli su mənbələrinin layihələndirilməsi gedir. Onların
arasında, əlbəttə ki, Şuşa şəhərinin içməli su layihəsi
prioritetdir. Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış
binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə
Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir.
Ermənilər müharibə zamanı Şuşadan qaçarkən o su xətlərini də
partlatmışdılar, növbəti vəhşilik törətmişdilər və işğal dövründə
17 bulağın 17-sini də yararsız vəziyyətə salıb qurutmuşdular.
Bunlar vəhşiliyin təzahürləridir və bu, bir daha onu göstərir ki,
Şuşa ermənilər üçün həmişə yad şəhər olub. Həmişə Şuşaya paxıllıq
edirdilər, öz çirkin arzularını yaşadırdılar ki, nə vaxtsa Şuşanı
onlar işğal edəcəklər. Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa
milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya
qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada
yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla
yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet
olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi
Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib
və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm.
Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı
şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın
aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini
qoyduq.

İndi digər tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər,
eskizlər var və əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa
etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə
biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni
teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə
təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960
şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu
layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”,
DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.
Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir
olunacaq.

Onu da bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli
qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin
inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum
orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan
yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada
beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına
uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə
təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Çünki
indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə
konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın
gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək.
Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda
Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu
gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor
kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var,
vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox
maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik.
Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının
mədəniyyət paytaxtı” elan etmişdir.

Azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu
il nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki,
hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün
aparılmalıdır, yerlər düzgün seçilməlidir. Harada kanal çəkiləcək,
harada su anbarı tikiləcək – bu, doğrudan da vaxt aparan məsələdir.
Ona görə mən heç kimi tələsdirmirəm. Amma, eyni zamanda, artıq
təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait
tapmalıyıq. Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə
icra edirik. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500
milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox
vergi toplamışlar. Yəni, bizim indi imkanımız var.

Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə
üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri
olacaq. Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma
təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir
vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki,
– xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, –
oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama,
Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə
inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su
mənbəyi kimi istifadə etməliyik. İşğal dövründə çaylarımız da
ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və
düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər
çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı
isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan
ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı
ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da
daşqınlara səbəb olurdu.

İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz
vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray
qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir.
Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar.
Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə
çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız
yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan
rəhbərliyi, Ermənistan dövləti.

Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə
idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki,
bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər. Birincisi,
Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə
yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə
ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada
humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu,
humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə
humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var!
İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və
ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş
niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə
bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid
edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar
Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə
qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə
etmişik, humanizm göstərmişik. Amma Naxçıvanı qazsız qoyan o
hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma
əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına
qaz xətti çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə
qədər Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim
qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir.

Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl
xüsusi məruzə hazırlandı və qəbul edildi – Ermənistanın Azərbaycana
qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar
deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki
Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam,
Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar
torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz
Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da
çəkiləcək. Digər çaylar, – qoy, bunu həm Azərbaycan vətəndaşları,
həm dünya bilsin, ermənilər bizi nədən məhrum etmişlər, – Həkəri
çayı – ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay.
Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay,
Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu
çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər.
Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu
məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu
fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan
bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı
zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir
və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə,
korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta
rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub
və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra
Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni
nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti
törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən
demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi
mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış
edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb
olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada
ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim
təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər
yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər
ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə
gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə
boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa
hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi
unutmamışıq və unutmayacağıq.

Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin
– 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı,
Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı
Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi.
İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə
gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm.
Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı
olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu
5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə
suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr
uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su
anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz
böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının
istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi
idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş
açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və
Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim
nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın
təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük
əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və
Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol
Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su
təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su
mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında
olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə
bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının
layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda
verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının
birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu
kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min
hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün
bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya
edilməlidir.

Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin
sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu
il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir.
Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu,
bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük
yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin
yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel
olaraq biz kəndləri də bərpa edəcəyik.

Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli
məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa
şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa
edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda
210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib.
Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini
qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək
işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox
böyük maraq göstərirlər və mən əminəm ki, yaxın, bəlkə də 1-2 ilə,
3 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya
da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük
həvəslə, ürəklə bu işlərə qoşulurlar. Başa düşürəm ki, bəlkə də
ilkin mərhələdə iqtisadi cəhətdən o qədər də böyük səmərə
verməyəcək. Ancaq mən bunu onların necə deyərlər, vətəndaşlıq borcu
kimi qəbul edirəm və şadam ki, onlar mənim çağırışıma cavab
veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını,
nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir
manat xeyir gətirəcək.

Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks
tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri,
kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz
planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş
torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün
planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq.
Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına
bundan sonra da müntəzəm məlumat veriləcəkdir”.

Teqlər: