Prezident İlham Əliyev: Yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik

Yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu
qeyri-dost addım kimi qiymətləndirəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və
artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait
lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda
isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə
yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər
də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək
istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün
Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün
silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ
müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq
dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi
qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə
Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb
ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu
kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa
silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci
Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu
büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı,
bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə
deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən
Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost
addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun
şəkildə atacağıq.

Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra
ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul
lazımdırsa, o qədər də ayıracağıq”.

Teqlər: