Prezident İlham Əliyev: Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlığının üçtərəfli formatı da de-fakto formalaşır

Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlığının üçtərəfli formatı
da de-fakto formalaşır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Münasibətlər də müttəfiqlik münasibətləridir. İşğaldan azad
edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan
tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim
malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və
Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki,
mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk
ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə
tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident
Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, – bu dövrlər
ümumilikdə daha çox üst-üstə düşür, – biz faydalı əməkdaşlıq
fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir
misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar,
Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı
kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur
layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik
yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu
münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan
verib.

Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı
əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil.
Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və
indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu
münasibətlər sayəsində buna nail olduq. Əlbəttə, Türkiyə
Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi
və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi
dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana
münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını
aldı. Biz bunu çox yüksək qiymətləndiririk. İkinci Qarabağ
müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan
bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən
bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi
Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri
oynayır, onlar bizə çox kömək edirlər.

Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz
hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa
müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər
şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə
şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm
ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə
işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə,
əgər bizim nöqteyi-nəzərdən baxsaq dünən imzalanan sənəd mahiyyətcə
tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu
ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç
bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki,
NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu,
əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq
əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ
formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər
nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. O,
ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim
idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin
oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki,
prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı
münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə
danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri
formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki,
Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə
deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz
deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının
yaxınlaşdırılması üzərində həmişə işləmişik”.

Teqlər: