Prezident İlham Əliyev: Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir

Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi
əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz
arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi,
humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf
edib.

AzerTimes-ın məlumatına görə, bu
fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
Birləşmiş Krallığın Baş naziri Boris Consona təbrik məktubunda yer
alıb.

Otuz il ərzində iqtisadi sahədə əldə olunan nailiyyətlərin
məmnunluq doğurduğunun vurğulandığı təbrikdə deyilir: “Birləşmiş
Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə
sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət
tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət
Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla
fəaliyyət göstərirlər.

Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq
münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə “Əsrin
müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın
bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar
əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz
hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji
əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş
Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin
inşasının uğurla başa çatması münasibətilə təbriklərimi
yetirirəm.

Əlamətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız
inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın “yaşıl
enerji”yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti
qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından
olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın
şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin
yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir
edirik”.

Dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə
Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə
səylərlə inkişaf edəcək və genişlənəcək.

Teqlər: