Qətər şirkəti ilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi müzakirə edilib (FOTO)

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr
Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər
keçirib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, GECF-in
Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı
hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın
mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika
naziri bildirib ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən
birini – Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə
Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb.
Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də
toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz
ehtiyatlarından bəhs edib. Bildirilib ki, dəhlizin əsas resurs
mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə
yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon
kubmetrdən çoxdur. Təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları
da nəzərə aldıqda Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük
imkanlar var. Ölkəmiz bundan sonra da regional və qlobal enerji
təhlükəsizliyinin təminatında səylərini, həmçinin Forum ilə
əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır.

Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti
onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq.
Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə
bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə Forum
çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın
vacibliyi qeyd edilib. GECF-in Baş katibi Azərbaycanın qaz
təchizatının dayanıqlığında rolunu qeyd edərək, ölkəmizin forumun
mühüm iştirakçılarından biri olduğunu bildirib. O, həmçinin
Azərbaycan Prezidentinin “OPEC plus” formatının yaradılması
prosesinə töhfələrini yüksək qiymətləndirib.


Nazir, həmçinin “Nebras Power” şirkətinin baş icraçı direktoru
Xalid Məhəmməd Jolo ilə görüşüb.

Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın
və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik
stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri
müzakirə edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə
tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin
Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması
ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. “Nebras Power”
şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı
və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı
qeyd edilib.

Teqlər: