Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında siyasi partiya rəhbərləri ilə
görüşlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən
AzerTimes-a bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində
növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil
olunub. Mayın 20-də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələri şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə
keçirilmiş görüşdə sözügedən partiyanın sədr müavini Elxan Şükürlü
də iştirak edib.

Görüş zamanı Administrasiyanın rəsmisi Ədalət Vəliyev Prezident
İlham Əliyevin ölkədə demokratik münasibətlərin bərqərar olunmasına
dair nümayiş etdirdiyi siyasi iradənin nəticəsində qazanılmış
nailiyyətlər, həmçinin aktual olan və mühüm əhəmiyyət kəsb edən
digər məsələlər haqqında geniş məlumat verib.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində
regionda yaranmış yeni geosiyasi reallıqlar, aparılan islahatların
əhəmiyyəti, ölkəmizin qlobal təşəbbüsləri və Avropanın enerji
təhlükəsizliyin təmin olunmasında Azərbaycanın artan rolu, Böyük
Qayıdış ilə bağlı icra olunan layihələr, dünyada baş verən müxtəlif
hadisələr fonunda ölkəmizdə siyasi sabitliyin qorunmasının strateji
əhəmiyyəti və bir sıra digər məsələlərin müzakirəsi çərçivəsində
xüsusi olaraq vurğulanıb ki, dövlətin inkişafı üçün strateji
əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi
partiyalar fəal mövqe tutmalıdırlar.

Siyasi dialoq mühitinin inkişafı nəticəsində siyasi partiyaların
fəaliyyəti üçün yaradılan münbit şəraitdən bəhs edən şöbə müdiri
bildirib ki, müxalifət partiyalarının Prezident İlham Əliyevin
mövcud istiqamətdəki təşəbbüslərini dəstəkləməsi Azərbaycanda
dayanıqlı demokratik ənənələrin formalaşdırılması prosesini
sürətləndirir. Azərbaycanda bütün demokratik məzmunlu təşəbbüslərə
rəğmən sabitliyin pozulmasına xidmət edən təxribatlar təkcə ölkənin
inkişafı üçün deyil, ümumiyyətlə, regionun sabit inkişafına təhdid
yaradır. Bu səbəbdən radikal müxalifətin təxribatlarının yalnız
təəssüf hissi doğurduğu və cəmiyyət tərəfindən bu cür qərəzli
yanaşmanın sərt tənqid edilməsinin heç də təsadüfi olmadığı
vurğulanıb. Bu mənada siyasi dialoqda fəal iştirak edən və bu
təşəbbüsləri dəstəkləyən partiyalar Azərbaycanda siyasi sabitliyin
təmin olunması prosesində bilavasitə iştirak etmiş olurlar.

Təşkil olunmuş görüşə və bu cür təşəbbüslərə görə təşəkkürünü
bildirən partiya sədri İlyas İsmayılov qeyd edib ki, ölkədə
həmrəylik mühitinin qorunması dövlətin və cəmiyyətin strateji
prioriteti kimi qəbul olunmalıdır. Bu mənada ölkənin və cəmiyyətin
inkişafı naminə atılan bütün addımlarda dövlətin yanında olacağını
vurğulayan İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi
partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin
maraqlarından çıxış edəcək.

Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda
konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, İlyas
İsmayılova və onun sədrlik etdiyi siyasi partiyaya gələcək
fəaliyyətində uğurlar arzulayıb.

Teqlər: