Ermənistanda müəyyən qüvvələr, ABŞ-dakı erməni lobbisi sülh sazişinə əngəl törədir – Elşad Həsənov

“Azərbaycan Ermənistanın Dağlıq Qarabağın gələcək statusu və
təhlükəsizliyi ilə bağlı təklifini, hələ ki, qəbul etməyib”. Bunu
Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin “bağlandığını” demək
hələ tezdir: “Biz sülh prosesinə dair baxışımızı bildirmişik. Biz
bildirmişik ki, Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün
qeyri-məqbul sayılacaq heç nə yoxdur. Bununla belə, bu təkliflər
gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün
məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ
ermənilərinin təhlükəsizliyi və müvafiq olaraq Qarabağın statusu
məsələsidir”.

Mirzoyan bildirib ki, İrəvan müzakirələrin davam etdirilməsinə
tərəfdardır: “Biz bunu da hesab edirik ki, sülh müqaviləsi üzrə
danışıqların ATƏT-in Minsk Qrupunun, həmsədrlərin mandatı
çərçivəsində aparılması mühümdür. Biz hələ ki, bu təkliflərə
Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir
ki, bu danışıqlar mümkün olsun”.

Daha sonra onu da əlavə edib ki, İrəvan Bakı ilə münasibətlərin
normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı
tərəfin razılığı lazımdır.

Görünən odur ki, Ermənistan XİN-i sülh müqaviləsi üçün tam əks
gündəlik ortaya qoymaqla, danışıqlar prosesini pozur. Bu isə
proseslərin uzanacağından xəbər verir.

“Mirzoyanın Minsk Qrupu ilə bağlı çağırışları tamamilə
absurd bir təklifdir və Azərbaycan buna getməyəcək”

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun
fikrincə, Ermənistanda müəyyən qüvvələr, o cümlədən revanşist və
ultramillətçi dairələr, ABŞ-dakı erməni lobbisi sülh müqaviləsinin
imzalanmasına əngəl törədir: “Çünki Ermənistan məğlub tərəf olduğu
üçün onlara bu sərf etmir. Ancaq beynəlxalq müqavilələr var və
onları gözardı etmək olmaz. Sülh sazişinin imzalanmasınına Rusiya,
Avropa İttifaqı, ABŞ tərəfdarıdır. Mayın 2-də Mirzoyanı qəbul edən
ABŞ dövlət katibi Entoni Blinken dedi ki, Birləşmiş Ştatlar
tərəflər arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. O
cümlədən qeyd etdi ki, prosesə dəstək verəcəklər. Eyni zamanda
Blinken mayın 11-də Prezident İlham Əliyevlə telefon danışığı
zamanı analoji mövqeyini ortaya qoydu. Başqa bir tərəfdən, Rusiya
prezidenti Vladimir Putin Paşinyanla görüşündə sülh sazişinə
tərəfdar olduğunu dedi. Sadəcə olaraq, 19 apreldə Rusiya ilə
Ermənistan arasında imzalanan birgə bəyanatda Dağlıq Qarabağın
statusu və sülh müqaviləsi bağlanarkən ATƏT-un təcrübəsindən
istifadə haqda məqamın olması Azərbaycanda qıcıq doğurdu. Çünki
“Dağlıq Qarabağ” deyilən bölgə yoxdur, Qarabağ var. Digər tərəfdən
ATƏT-in Minsk Qrupu 28 il ərzində özünü doğrultmadı. Minsk Qrupunun
hansı müsbət təcrübəsi oldu ki, biz ona istinad edək? Bunlar boş
şeylərdir. Üstəlik, Ukrayna hadisələri fonunda Minsk Qrupundan
danışmaq tamamilə yersizdir. Çünki ATƏT üzvləri Rusiyaya qarşı
mövqedədilər. Üstəlik, həmsədrlər MQ-dəki nümayəndələrin statusunu
dəyişiblər. O üzdən, Mirzoyanın MQ ilə bağlı çağırışları tamamilə
absurd bir təklifdir və Azərbaycana buna getməyəcək. Biz təklif
etdiyimiz və Ermənistanın da qəbul etdiyi 5 əsas prinsip üzrə
danışıqların aparılmasının tərəfdarıyıq. Çünki Azərbaycanın
təklifləri beynəlxalq hüququn əsas prinsipləridir. Üstəlik, BMT
nizamnaməsinə uyğundur. Ancaq Ermənistan müxtəlif vasitələrlə
praktiki müstəvidə işlərin aparılmasını yubadır. Azərbaycan
sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaratsa da,
Ermənistan bunu uzadır. Mayın 7-də görüş olmalı idi, amma
Ermənistanın günahı üzündən bu baş vermədi. Üstəlik, Kəlbəcər
istiqamətində provokasiyalar davam edir”.

Siyasi ekspertin fikrincə, bütün bunlar onu göstərir ki,
Ermənistanda vahid güclü hakimiyyət yoxdur və bu səbəbdən sülhü
istəməyən qüvvələr prosesə əngəllər törədir.

Teqlər: