Planetdə aclıqdan əziyyət çəkənlərin sayı 220 milyona çatacaq – FAO

Ukrayna böhranının nəticəsində ərzaq çatışmazlığı və həm ərzaq,
həm də gübrənin bahalaşması səbəbindən planetdə aclıqdan əziyyət
çəkən insanların sayı 220 milyona çata bilər.

Trend xəbər
verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini, İtaliyanın keçmiş
kənd təsərrüfatı naziri Mauritsio Martina bildirib.

Onun sözlərinə görə, hələ böhrandan əvvəl dünyada ac insanların
sayı artmaqda idi və 2021-ci ildə 53 ölkədə demək olar ki, 200
milyona çatmışdır. Hazırkı münaqişə aclıqla bağlı vəziyyəti daha da
gərginləşdirəcək.

“İlkin hesablamalarımıza görə, ac insanların sayı daha 18 milyon
arta bilər, lakin, çox şey hadisələrin gələcək inkişafından
asılıdır”, – qurum rəsmisi bildirib.