Paytaxtın mərkəzi küçələrində klassik avtomobillərin yürüşü keçirilib (FOTO)

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə
klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

Trend xəbər
verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf”
İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev
Mərkəzinin qarşısından start götürüb.

1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil
paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında
yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də
Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil
sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal
edilən “Ford Model A”, ən yeniləri isə 1982-ci ilə aid
olanlardır.

Yürüşün marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu
Rəhimov küçəsi, Bakı metropoliteninin “Gənclik” stansiyasının yanı,
Dədə Qorqud parkı, Vaqif prospekti-Zorge parkı, Səməd Vurğun
küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar prospekti, Hüseyn Cavid
prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, Nəriman
Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzağa Əliyev, Qış Parkı,
Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli
küçəsi, Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi-Gülarə
Qədirbəyova küçəsi, Heydər Əliyev Mərkəzinin qarşısı olub.

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı
küçələrində nostalji hisslər yaradıb. Yürüşün sonunda klassik
avtomobillərin sərgisi olub. Tədbirdə klassik avtomobil sahibləri
və avtomobil həvəskarları iştirak ediblər.

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma
mərasimi keçirilib. “Ən qədim avtomobil” nominasiyasında mükafat
1939-cu ilin “Steyr 220” avtomobilinin sahibi Azər Abbasova təqdim
olunub. “Məşhurların seçimi” nominasiyasında qalib 1942-ci ildə
istehsal edilən “Horch” minik klassik avtomobilinin sahibi Eduard
Qurbanov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında 1-ci yerin sahibi
Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin
sahibi isə Aslan Səlimov olublar.

“Ən qeyri-adi retro geyim tərzi” üzrə mükafata Nigar Camal layiq
görülüb.

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim
edilib.

Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və
qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

Teqlər: