Pandemiya dövründə göstərdiyi dəstək üçün ADRA mükafatlandırılıb

Pandemiya dövründə göstərdiyi dəstək üçün bir qrup hökumət
nümayəndəsinə və iş adamına “Caspian Energy Club” tərəfindən
təşəkkürnamələr təqdim edilib. Təltif olunanlar arasında Azərbaycan
Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin
müavini Orxan Əliyev də var. Təqdimat mərasimində bildirilib ki,
“Caspian Energy Club” pandemiya dövründə onlayn və oflayn formatda
çoxsaylı tədbirlər keçirib. Belə həssas dövrdə dövlət qurumları
sahibkarların müraciətlərinə daha diqqətlə yanaşaraq, onlara
operativ reaksiya veriblər. “Caspian Energy Club”un tədbirlərində
iştirak edən hökumət nümayəndələrinin dəstəyi nəticəsində bir çox
şirkətlər vergiləri, kreditləri hissə-hissə ödəmək imkanı əldə
edib, xarici bazarlara çıxışla bağlı müvafiq dəstək alıblar. Bu da
onlara iflas vəziyyətindən çıxmağa imkan verib. Eyni zamanda
COVİD-19 pandemiyası dönəmində fəaliyyətini dayandırmış sahibkarlıq
subyektlərinin daha az maliyyə itkiləri ilə çıxmaları üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərarları
ilə müəyyən edilmiş dövrlər və sahələr üzrə tam və ya qismən
işləməyən obyektlərin üzərində yerləşdirilən reklamlar
yayımlanmamış hesab olunub.

Təltif edilən fəxri qonaqlar və klub üzvləri çıxışlarında
hökumət rəsmilərinin onların problemlərinin həlli üçün verdiyi
dəstəkdən razılıqlarını ifadə ediblər. “Caspian Energy Club”un
biznes qurumları ilə dövlət orqanları arasındakı bu əməkdaşlıq
formatının bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə
edilib. Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən
5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər, Qara dəniz
və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən nəhəng
regional təşkilatdır.

Teqlər: