Ötən il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait açıqlanıb

2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat
nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş
məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş
göstəricinin 99 %-nə bərabərdir.

AzerTimes-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının
2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan
Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının
2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama
Palatasının rəyi”ndə bildirilib.

Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və
tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon
manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi
üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin
minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr
xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin
aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon
manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in
layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı
texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0
milyon manat və ya 1,6 faiz az), Kəlbəcər rayonu ərazisində dövlət
sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və
dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat,
turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat
(proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az), işğaldan
azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin
olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su
təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa,
Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin
baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza
nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə
hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin
alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid
və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi
üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya
58,4 faiz az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat,
Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının
layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza
nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni
xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon
manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat
məbləğində vəsait yönəldilib.

Teqlər: