Baydenin məktubu Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir – Vüqar Rəhimzadə

“Dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında
müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda
dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Azərbaycanın bu gün
müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer
tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi
nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə
əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər
bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bugünün fonunda keçilən
yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Bu gün Azərbaycana
olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin,
həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin
alternativsizliyinin təsdiqidir. Azərbaycan 1993-cü idə xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf, tərəqqi
yoluna çıxdı, xalqın sabaha ümidləri artdı, biri-birini əvəzləyən
uğurların fonunda torpaqlarımızın da işğaldan azad ediləcəyinə
böyük əminlik yarandı. Zəngin dövlətçilik tarixinə malik olan
Azərbaycanın 2020-ci ildə yaşadığı Zəfər sevinci və bu ruhda artıq
ilyarımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri müstəqil siyasət yürüdən
ölkəmizin böyük uğurlarıdır. 2003-cü ilin prezident seçkiləri
ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını
göstərərkən cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə
böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların
davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas
amillərdən biri kimi cənab İlham Əliyevin yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi
vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki,
bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin
təqdimatıdır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 28
May-Müstəqillik Günü ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin
Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu ilə bağlı KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bildirib ki, Birləşmiş Ştatların lideri enerji
mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik
sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini növbəti
dəfə bəyan edib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,
heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər
birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək
dəyər verməsi, təbii resurslarımızdan səmərəli istifadəni təmin
etmək məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft
sazişinin imzalanmasında göstərdiyi səylər bugünkü reallıqlarımızda
öz sözünü deyir. Buna əmin olmaq üçün son 18 ildən artıq dövrdə
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji
sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək
kifayətdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə
Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin iyununda bu
layihənin əsas tərkib hissəsi olan TANAP-ın, 2020-ci ilin
dekabrında isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin
reallaşdırılması uğurlu sonluqla başa çatdı. Xüsusi vurğulamaq
lazımdır ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması
Azərbaycanın enerji diplomatiyasının əsas uğurları sırasındadır.
Sevindirici haldır ki, artıq bu gün dövlət başçısı İlham Əliyevin
məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya miqyasında
təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır,
etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirir.
Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində
atdığı addımlar ABŞ rəsmiləri tərəfindən də təqdir edilir və
onların reallaşdırılmasına dəstək göstərilir.”

“ABŞ Prezidentinin məktubunda Azərbaycanın beynəlxalq terrorizmə
qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr də təqdir
edilir” söyləyən baş redaktor vurğulayıb ki, Azərbaycan terrordan
əziyyət şəkən ölkə olaraq daim dünya miqyasında belə qanlı
aksiyalara qarşı aparılan mübarizənin önündədir və bunu əməli
fəaliyyəti ilə təsdiqləyir: “Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktına ilk
münasibət bildirən Azərbaycan dövləti olmuşdur. Həmin hadisənin baş
verdiyi zaman ulu öndər Heydər Əliyev dərhal Azərbaycanın
terrorizmlə mübarizənin önündə olduğunu bəyan etdi və bütün
dövlətləri bu işdə fəal iştirak etməyə çağırdı. ABŞ hökuməti
ölkəmizin bu dəstəyini yüksək qiymətləndirdi. Onu da qeyd edək ki,
işğalçı Ermənistan həmin qanlı terror aktına laqeyd münasibət
bəsləmişdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan
dövlətinin uğurlu siyasəti, eyni zamanda, ABŞ-da baş verən həmin
terror aktı rəsmi Vaşinqtonun ölkəmizlə bağlı xarici siyasətində
dəyişikliklərə yol açdı. ABŞ hökuməti 1992-ci ildə Amerika
Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə
Aktına” 907-ci düzəlişin ədalətsizliyini etiraf edərək, onun
fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi.
2001-ci ildən bu qərar hər il yenidən təsdiqlənir. Bu mühüm məqamın
özü də Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin
uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir.”

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu son 19
ilə yaxın müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident
İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində
Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər
sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimizdən geniş
bəhs edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi
dövlət başçısının əsas hədəflərindən idi: “ Prezident İlham
Əliyevin “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə
Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim
ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur
hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu,
tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” fikirləri
2003-2020-ci illərin torpaqlarımızın işğaldan azad edilməsinə
hazırlıq dövrü kimi dəyərləndirilməsini təsdiqləyir. Artıq Dağlıq
Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib, postmünaqişə
dövrünün reallıqlarının qəbulu hazırkı dövr üçün prioritetdir. ABŞ
Prezidentinin məktubunda bu məqam xüsusi yer alır ki, Birləşmiş
Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik təmasların
intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun
çiçəklənməsinə geniş imkanlar açacağı qənaətindədir. ABŞ
Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat
və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə
kömək etməyə hazır olduğunu bildirir. Birləşmiş Ştatlar hazırkı
vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan
kimi dəyərləndirir. Təbii ki, bu yanaşmalar və qənaətlər ABŞ-ın
birmənalı olaraq tarixi Zəfərimizin regionda yaratdığı yeni
reallıqları qəbul etməsi, dəstəkləməsi kimi qəbul edilməlidir. Eyni
zamanda, çağdaş dünyamızda cərəyan edən proseslərin mürəkkəb
xarakterini nəzərə alsaq məktubda Amerikanın Azərbaycanın
müstəqilliyinə və suverenliyinə dəstəyinin bir daha aydın ifadəsini
tapdığını görərik. Təbrik məktubunda bu məqam da əksini tapır ki,
ABŞ qarşıdakı onilliklərdə də ölkəmizlə münasibətlərini daha da
inkişaf etdirmək, əlaqələrini yeni istiqamətlər üzrə genişləndirmək
niyyətindədir.”

Baş redaktor ABŞ Prezidentinin təbrik məktubunda Azərbycana
verilən dəyəri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü
alternativsiz siyasətin yüksək qiymətləndirilməsi, dövlət
başçısının şəxsi beynəlxalq nüfuzu ilə əlaqələndirib: “Xalqımız
xoşbəxtdir ki, ölkəsini gələcəyə inamla aparan, gündəlik titanik
fəaliyyətində dövlət maraqlarını hər şeydən üstün tutan, dəyişməz
mövqeyi, müstəqil siyasəti ilə regionda və dünyada böyük nüfuza
sahib olan, cərəyan edən qlobal proseslərdə öz sözünü qətiyyətlə
deyən, ədaləti, beynəlxalq hüququ həyata keçirdiyi xarici siyasətin
önündə saxlayan, dünyada biri-birinə əks qütbləri bir araya gətirən
Prezident İlham Əliyev kimi müdrik Lideri vardır. Eyni zamanda, onu
da xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın bütün dövrlər üçün
vacib amil olan informasiya mübarizəsində üstünlükləri Prezident
İlham Əliyevin liderlik keyfiyyətlərinin təqdimatında əhəmiyyətli
rol oynayır.”

Teqlər: