Orhun mübadilə proqramı çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri AzMİU-nun tələbələrinə mühazirə oxuyublar (FOTO)

Qırğızıstan-Türkiyə Manas Universitetinin Elektrik və
elektronika mühəndisliyi kafedrasının müəllimi professor Özgül
Salor-Durna və Kompüter mühəndisliyi kafedrasının müəllimi dosent
Gülşat Muhametjanova Türk Universitetlər Birliyinin həyata
keçirdiyi Orhun mübadilə proqramı çərçivəsində bir həftə müddətində
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis
sistemləri və qurğularının tikintisi kafedrasının, İnformasiya
texnologiyaları və sistemləri kafedrasının qonağı olublar.

Qonaqlar əvvəlcə AzMİU-nun rəhbərliyi ilə görüşüb, sonra müvafiq
fakültə dekanları və kafedraların müdirləri, müəllim heyəti ilə
görüşlər keçiriblər. Kafedraların əsas elmi istiqamətləri barədə
onlara məlumatlar verilib, gələcəkdə hər iki tərəf üçün maraq kəsb
edən elmi-tədris layihələri müzakirə olunub. Professor
Ö.Salor-Durna AzMİU-nun müəllimləri üçün Qırğızıstan-Türkiyə Manas
Universitetinin təqdimatını, eləcə də TUBİTAK layihələrinin təqdim
edilməsi, nəzərə alınmalı olan əsas məqamlarla bağlı faydalı
informasiyaları paylaşıb, Mühəndis sistemləri və qurğularının
tikintisi ixtisasında təhsil alan tələbələrə mühazirələr oxuyub.
Elektrik və elektronika mühəndisliyi ixtisasını açmaq üçün
Türkiyənin Qazi Universiteti tərəfindən Qırğızıstan-Türkiyə Manas
Universitetinə təyinatla göndərilən professor Ö.Salor-Durna ilə hər
üç universitet arasında mümkün əməkdaşlığın istiqamətləri ilə bağlı
da müzakirələr aparılıb. Digər qonaq – Gülşat Muhametjanova da MİT
fakültəsinin tələbələri üçün “İntelektual sistemlər” mövzusunda
mühazirə oxuyub, fakültəninn müəllimləri ilə elmi və akademik
sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində qonaqların AMEA-nın İdarəetmə sistemləri
İnstitutunda, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki
Universitetində də uğurlu işguzar görüşləri keçirilib. Qonaqlar,
təşkil olunan mədəni proqramlar çərçivəsində Şəhidlər Xiyabanı və
Fəxri Xiyabanı ziyarət edərək öz dərin hörmət və ehtiramlarını
bildiriblər. Mübadilə müəllimləri həmçinin, Akademik Milli Dram
teatrı, İncəsənət muzeyi, Xalça müzeyi, İçərişəhər qoruğu və
Bakının görməli yerləri ilə tanış olublar.

Teqlər: