MİQ üçün sənəd qəbulu iyunun 3-də başlayır

İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət
ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə
müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə
iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək
www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil
müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli
təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında
sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş
şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək
istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz
müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz
əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət
göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak
edə bilər.

Qeyd edək ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş
dəyişikliklərə əsasən, müsabiqənin vakansiya seçimi mərhələsində
ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda
müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil
müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən
müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə
fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım
əmsalı ilə hesablanacaq.

Ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu
üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı,
vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə
edəcək.

Teqlər: