Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT)
üzv qəbul olunmasının otuzuncu ildönümü münasibətilə Ombudsmanın
Gəncə Regional Mərkəzi və Tovuz Gənclər Evi Sosial Xidmət
Müəssisəsinin birgə təşkilatçılığı, gənclərin fəal iştirakı ilə
“BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda
onlayn hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin
rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan Respublikası 2 mart
1992-ci il tarixində BMT-nin üzvülüyünə qəbul edilmiş və 6 may
1992-ci il tarixində BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.
O, çıxışında BMT üzvlüyünə qəbul olunduqdan sonra ölkəmizin həyata
keçirdiyi işlər, qurulmuş əməkdaşlıq əlaqələri və qəbul edilmiş
sənədlər haqqında iştirakçılara geniş məlumat verib. Bununla
yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) təsisatı və BMT-nin Azərbaycandakı Nümayəndəliyi
arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlığın qurulduğu
da diqqətə çatdırılıb.

Tədbir iştirakçıları BMT sistemində insan hüquq və
azadlıqlarının təmin olunması istiqamətində nizamnamə və müqavilə
orqanları, həmin orqanlarda həyata keçirilən fərdi və ya
dövlətlərarası şikayət prosedurları, dövlətlərin dövrü hesabatları
prosedurları barədə ətraflı məlumatlandırılıb, verilən suallar
cavablandırılıb.

Teqlər: